Afrikanın ən varlı adamı Keniyadakı 300 milyon dollarlıq neft emalı zavodu layihəsi üçün ABŞ şirkəti "Honeywell"i seçib

Nigeriyalı milyarder Aliko Dangote Keniyada inşa etməyi planlaşdırdığı və dəyəri 16 milyard dollar olan neft emalı zavodu üçün mühəndislik xidmətləri, texnologiya və avadanlıq təminatçısı qismində ABŞ-ın "Honeywell Technologies" şirkətini seçib.
Bu barədə yerli media xəbər verir.
"Honeywell" gündəlik 700 min barel emal gücünə malik olacaq zavodla bağlı təxminən 300 milyon dollar dəyərindəki müqavilə əsasında işləyəcək. Şirkət bildirib ki, Dangote-nin Nigeriyadakı zavodu ilə bağlı əvvəlki təcrübəsi Keniya layihəsinin icra müddətini qısaltmağa kömək edəcək.
Dangote və Keniya Prezidenti William Ruto Lamu bölgəsində zavodun təməlini qoyublar. Layihə yerli torpaq sahibləri tərəfindən qaldırılan hüquqi etirazlarla, həmçinin ətraf mühitə və torpaq sahələrinə potensial təsirləri ilə bağlı təbiəti mühafizəçilərin tənqidləri ilə üzləşib.
"Honeywell" artıq Dangote ilə Nigeriyadakı zavodun modernləşdirilməsi istiqamətində işləyir; bu işlərin zavodun gücünü gündəlik 1,4 milyon barelə çatdıracağı gözlənilir. "Honeywell" qeyd edib ki, Nigeriya layihəsində tətbiq olunan mühəndislik həlləri Keniya zavodunun tikinti və istismara verilmə qrafikini təxminən iki il qısalda bilər.
Keniya zavodunun daxili bazar üçün benzin, dizel və təyyarə yanacağı istehsal etməsi, eləcə də əlavə məhsulların Şərqi Afrika ölkələrinə ixrac olunması nəzərdə tutulur.
Zavod həmçinin müxtəlif mənbələrdən əldə edilən fərqli xam neft növlərini emal etmək imkanına malik olacaq.
Dangote, həmçinin Şərqi Afrika hökumətlərinə layihədə ümumilikdə 30%-lik pay təklif edib. Keniyanın layihədə 10%-lik paya sahib olması ehtimalı müzakirə olunur, Efiopiya və Ruanda da layihədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:49


























