mobil versiya

Rafiq Əliyev - Müasir Azərbaycan elminin dünya arenasında ən parlaq siması




Bu gün Azərbaycanın dünyaca məşhur alimi Rafiq Əliyevin 84 yaşı tamam olur.

Lütfi Zadə irsinin ən böyük davamçısı və varisi olan Rafiq müəllim qeyri-səlis məntiq, informatika-idarəetmə, süni intellekt sistemləri və sair sahələrdə əldə etdiyi nəticələrlə dünya elmini zənginləşdirmişdir.
Bu alim müasir intellektual mühitdə sadəcə bir kibernetik və ya riyaziyyatçı deyil, həm də riyazi ciddiyyətlə Şərq metafizikasını ustalıqla birləşdirən nadir ensiklopedik zəka sahibidir. Onun yaradıcılığı klassik idarəetmə nəzəriyyəsindən kənara çıxaraq, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Mövlanə Cəlaləddin Rumi kimi dahi mütəfəkkirlərin mənəvi irsini müasir elmin dili ilə yenidən şərh edir. 
Rafiq Əliyev müasir Azərbaycan elminin dünya arenasında ən parlaq simalarından biri olmaqla yanaşı, həm də mənəvi dəyərləri rəqəmlərin dilinə çevirən bir mütəfəkkirdir. Onun "qeyri-səlislik" fəlsəfəsi bizə öyrədir ki, həqiqət yalnız bir nöqtədə deyil, o nöqtənin ətrafındakı sonsuz rənglərdə və insanın daxili işığındadır. Bu alim üçün qeyri-səlis məntiq yalnız bir hesablama aləti deyil, həm də Şərq dünyagörüşünün riyazi təsvir formasıdır. Bu mənada, Rafiq Əliyevin elmi mirası, Şərqin minillik irfanı ilə Qərbin müasir texnologiyası arasında qurulmuş möhkəm və sarsılmaz bir mənəvi körpüdür.

Özünü "təfəkkürü Qərb, əxlaqı isə Şərq olan insan" kimi xarakterizə edən Rafiq Əliyev, bu iki dünyanı öz şəxsiyyətində birləşdirmişdir. O, elmin vətəni olmadığını vurğulasa da, hər bir alimin köklərinə, genetik yaddaşına bağlı olmasını vacib sayır.
"Qərb təfəkkürü” deyərkən alim elm və texnologiya, iqtisadi model, insan haqları, azadlıq kimi ümumbəşəri dəyərləri, meyarları nəzərdə tutur. “Şərq əxlaqı” isə onun nəzərində xalqımızın milli və mənəvi dəyərlərini, qan yaddaşını ehtiva edir. O, “Qurani-Kərim”i dünyanın ən böyük əxlaq və mənəviyyat sistemi hesab edir və Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi kimi dahiləri bu əxlaqın nümunəvi daşıyıcıları kimi görür. 
Məncə, Rafiq müəllimi unikal şəxsiyyət eləyən də onun məhz bu yönüdür. Belə ki, o, dəqiq və texniki elmləri təmsil etməklə yanaşı, həm də mənəviyyata və əxlaqa böyük önəm verərək, yüksək dəyərlərin daşıyıcısıdır. Bu isə onu alimlikdən mütəfəkkirliyə daşıyan mühüm amildir. 

Ad gününüz mübarək mütəfəkkir insan!

Ən xoş arzularla, Rasim Abdulla


Reportyor.az 

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 18:26