mobil versiya

Bu gün böyük azərbaycanlı Lütfi-Zadənin doğum günüdür




Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin doğum günüdür.

REPORTYOR.AZ xəbər verir ki, əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə olan Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində doğulub.

Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı olub və Ərdəbildə doğulub. Etnik rus yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.

Lütfi-Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.

1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar.


O, 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-a gedib. 1944-cü ildə adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.

Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkli Universitetində dərs deyib.

Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb.

Lütfi-zadə 2017-ci ilin sentyabr ayında 96 yaşında vəfat edib.

O, öz vəsiyyətində Bakıda dəfn olunmaq istədiyini bildirib. Azərbaycanın dünya şöhrətli alim övladı I Fəxri Xiyabanda dəfn olunub.

SON XƏBƏR / KARUSEL
Tarix: 4-02-2022, 10:30