Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb

Bakı metrosunda bugünkü hadisə baş verən anda xətdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə qalıb və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb:
“Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb. Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
B.Məmməsov qeyd edib ki, Metropolitenin xətlərinə gərginliyin bərpa olunması saat 14:00 radələrində təmin olunub, daha sonra saat 15:00-a qədər Bakı Metropoliteni xətlərində qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri həyata keçirilib və saat 15:30-dan etibarən sərnişin qəbulu başlanıb:
“Hazırda Bakı Metropoliteni normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdirir, bütün stansiyalar istisnasız olaraq sərnişinlərə xidmət göstərir.
Ümumiyyətlə, bu hadisə ilə bağlı Bakı Metropoliteninin araşdırmasının tam şəffaf şəkildə aparılacağını bir daha qeyd edirəm. Bu hadisənin təkrarlanmaması üçün xüsusi diqqət yetiriləcək və artıq bununla bağlı ilkin tədbirlər üzrə tapşırıqlar verilib”.
B. Məmmədov onu da əlavə edib ki, baş vermiş hadisə zamanı yanğın qeydə alınmayıb:
"Qısaqapanmanın texniki xarakteri də bundan ibarətdir ki, onun nəticəsində bütün mühafizə sistemləri, eyni zamanda tunellərimizdə olan rele mühafizə sistemləri vaxtında işə düşüb və bunun nəticəsində hər hansı hadisə baş verməyib. Hətta bu hadisə nəticəsində hər hansı yanğın və ya digər fəsadın baş verməsi qeyri-mümkün olub”.
Şöbə rəisi həmçinin bildirib ki, Bakı Metropoliteninin enerji sistemi elektrik yarımstansiyalarında olan sistemlərlə bağlıdır. Hazırda həmin mənbələrdən Metropolitenə enerjinin daxil olması həmişəki qaydada davam edir:
"Texniki insidentin səbəbi Bakı Metropoliteninin tunelində aralıq kabelində baş verdiyindən ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə etmək qeyri-mümkün idi. Bununla belə, Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq sərnişinlərin təxliyəsi tam və heç bir insidentsiz başa çatdırılıb. Metropolitenə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur və Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlandırma sisteminin, həm də digər infrastrukturun, o cümlədən ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda baş verir. Bu gün baş verən hadisə isə Bakı Metropoliteninin tunelində kabeldə baş vermiş qısaqapanma nəticəsində baş verib”. (Apa)
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:20


























