mobil versiya

Meyarları bəlli olmayan yeni kiber nəzarət perimetrinə hansı şirkətlər və qurumlar daxil ediləcək?






Ötən gün Prezident tərəfindən Azərbaycanda kibertəhlükəsizliklə bağlı ciddi qanunvericilik dəyişiklikləri təsdiqlənib. Yeni sənədlər mövcud kiber ekosistemi xeyli dəyişdirəcək. Əhəmiyyətli yeniliklərlə yanaşı, düşündürücü məqamlar da var.

Əsas yeniliklərdən biri “ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu” adlı yeni kateqoriyanın yaradılmasıdır.

İndiyədək kiber sektorda xüsusi rejim əsasən DTX və XRİTDX-nin səlahiyyət dairəsində olan Kritik İnformasiya İnfrastrukturu – Kİİ üzərində qurulmuşdu. Burada fəaliyyəti pozulduqda dövlət və cəmiyyət üçün ciddi nəticələr yarada bilən informasiya infrastrukturu nəzərdə tutulur.

İndi isə Kİİ olmayan dövlət və özəl şirkətlərin informasiya infrastrukturları da xüsusi kibertəhlükəsizlik perimetrinə daxil edilə bilər.

**Bəs kimlər “ictimai əhəmiyyətli” olacaq?**


Qanuna görə, sisteminin dayanması ölkənin siyasi, sosial və iqtisadi dayanıqlılığına ciddi zərər vura biləcək qurum bu kateqoriyaya daxil edilə bilər. Siyahını isə fəaliyyət göstərilən sahə üzrə dövlət siyasətini, tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumu müəyyən edərək Milli CERT-ə təqdim edəcək.

Yanaşmanın əhəmiyyəti aydındır. Böyük şirkətin, data mərkəzinin, ödəniş və ya geniş istifadə olunan rəqəmsal platformanın çökməsi artıq yalnız həmin şirkətin problemi deyil.

Amma hansı meyarlarla özəl şirkət “ictimai əhəmiyyətli” elan ediləcək?

Qanunda “siyasi, sosial və iqtisadi dayanıqlılığa ciddi zərər” əsas götürülür. Lakin bunun ölçülə bilən meyarları göstərilmir.

Neçə istifadəçi? Hansı bazar payı? Nə qədər iqtisadi zərər? Xidmət neçə saat dayanmalıdır? Alternativin olması nəzərə alınacaqmı? Kiçik və orta biznes üçün hədd nə olacaq?

Maraqlıdır ki, Kİİ üçün mexanizm daha konkret qurulub. Qanun ayrıca meyarların müəyyənləşdirilməsini nəzərdə tutur, həmin meyarları Nazirlər Kabineti Prezidentlə razılaşdıraraq təsdiqləyir. Kİİ siyahısının təsdiqi də ayrıca hüquqi prosedura bağlanıb.

Yeni “ictimai əhəmiyyətli” kateqoriyada isə belə detallı və ölçülə bilən meyarların müəyyənləşdirilməsi mexanizmi görünmür.

Üstəlik, siyahıya daxil edilən özəl şirkət – məsələn, provayder, fintech, data mərkəzi və ya rəqəmsal platforma – CERT/SOC inteqrasiyası, fasiləsiz monitorinq və təhlükəsizlik infrastrukturu üçün ciddi əlavə xərc çəkməli ola bilər.

Bu xərcləri kim qarşılayacaq? Özəl biznes bunu xidmətlərin qiymətinə əlavə edib sonda vətəndaşın üzərinə qoyacaqmı?

Milli CERT-in fəaliyyəti zamanı loglar, şəbəkə və digər həssas texniki məlumatlarla işlənməsi kommersiya sirri və fərdi məlumatların qorunması məsələsini də aktuallaşdırır.

Ona görə “ictimai əhəmiyyətli” statusunun konkret meyarları, kiçik və orta biznesə yanaşma, xərclərin qarşılanması, qərardan şikayət imkanları, audit, monitorinq və məlumat tələb edilməsinin sərhədləri öncədən bilinməlidir.

Əlbəttə, kibertəhlükəsizliyi gücləndirmək vacibdir. Amma biznes üzərində dövlət nəzarəti genişləndikcə onun sərhədləri də bir o qədər dəqiq müəyyən edilməlidir.


Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti

Reportyor.az
 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:21