mobil versiya

Efiopiyanın regional rəqibləri Misirdəki sammitdə mübahisələrin sülh yolu ilə həllinə çağırış edib






Efiopiyanın regional rəqibləri olan Misir, Eritreya, Somali və Sudan bazar günü Misirin sahil şəhəri Əl-Alameyndə bir araya gələrək, regional mübahisələrin "sülh yolu ilə" həll edilməsinə çağırıblar.

Bu görüş Efiopiyada şiddətlənən zorakılığın sərhədləri aşaraq yayılması ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş tutub.

Kiçik miqyaslı sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsayas Afverki, Somali Prezidenti Həsən Şeyx Mahmud və Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan iştirak ediblər.

Misir prezidentinin ofisinin yaydığı bəyanata əsasən, liderlər "dövlətlərin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə" və "onların daxili işlərinə qarışılmasının rədd edilməsinə" çağırıblar.

Danışıqlardan sonra yayılan birgə bəyanatda həmçinin Nil çayı da daxil olmaqla, "sərhədlərarası çayları tənzimləyən beynəlxalq hüquq" normalarına riayət edilməsinin vacibliyi vurğulanıb və çay axını istiqamətində aşağıda yerləşən dövlətlərə zərər verə biləcək "hər hansı birtərəfli tədbirlər" rədd edilib.

Son illərdə bu dörd ölkənin dənizə çıxışı olmayan Efiopiya ilə münasibətləri gərgin olub.

Misir və Sudan, çay sularındakı paylarını təhlükə altına sala biləcəyindən ehtıtaq etdikləri nəhəng Nil bəndi məsələsində Efiopiya ilə fikir ayrılığı yaşamaqda davam edirlər.

Sudan ordusu həmçinin Efiopiyanı hərbiləşdirilmiş "Çevik Dəstək Qüvvələri"nə (RSF) qarşı müharibədə iştirakda ittiham edib; Əddis-Əbəbə bu ittihamı rədd edir.

Eyni şəkildə, Efiopiyanın 2024-cü ildə Somalinin tərkibindən ayrılmış bölgəsi olan Somalilend ilə saziş imzalamasından sonra Somali ilə Efiopiya arasında münasibətlər gərginləşib.

Bu ay Efiopiyanın Misir, Sudan və Eritreyanı Tiqray üsyançılarını dəstəkləməkdə ittiham etməsindən sonra gərginlik daha da artıb; hər üç ölkə bu ittihamı rədd edir.

Efiopiya və Eritreya diplomatik əlaqələri kəsib, Qahirə və Əddis-Əbəbə isə bir-birinin diplomatik missiya üzvlərini ölkədən çıxarıb.

Misirin xarici işlər naziri Bədr Abdelatti bazar günü dövlətlə əlaqəli mediaya açıqlamasında bildirib ki, Qahirənin Efiopiyadakı hadisələrlə "heç bir əlaqəsi yoxdur" və o, bu qarışıqlığı etnik və siyasi bölünmələrə əsaslanan "daxili böhran" kimi qiymətləndirib. Efiopiyanın şimalındakı Tiqray bölgəsində yenidən alovlanan döyüşlər, ölkədə 2020-2022-ci illərdə baş vermiş vətəndaş müharibəsinin təkrarlanması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Tiqray Xalqının Azadlıq Cəbhəsi (TPLF) ötən ay federal qüvvələrə qarşı hücumlara başlamışdı. Bazar günü verilən məlumata görə, Efiopiya qoşunları bölgənin inzibati mərkəzi olan Mekelle şəhərində tam nəzarəti ələ keçirib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:23