İkinci pilot Təl-Əvivə çataraq təyyarəni Ben-Qurion hava limanının terminalına çırpmağı planlaşdırıb

"FlyDubai" aviaşirkətinin sentyabrın 30-da təyyarəni ələ keçirməyə çalışan ikinci pilotu Təl-Əvivə çataraq təyyarəni Ben-Qurion hava limanının terminalına çırpmağı planlaşdırıb.
Bu haqda İsrail mediası istintaqa yaxın mənbələrə istinadla yazır.
Oman vətəndaşı olan pilot Həmmam əl-Həmmami müstəntiqlərə bildirib ki, təyyarənin kapitanını öldürərək və ya hərəkətsiz vəziyyətə salaraq idarəetməni ələ keçirmək, daha sonra isə uçuşu davam etdirmək niyyətində olub. Bu, ona yerüstü xidmətlərdə şübhə yaratmadan Təl-Əvivə çatmağa və dispetçerlərdən eniş icazəsi almağa imkan verəcəkdi. Daha sonra o, təyyarəni hava limanına, bu mümkün olmasa, Təl-Əvivdəki çoxmərtəbəli binalardan birinə çırpmağı planlaşdırıb.
Əl-Həmmami deyib ki, çoxdan belə bir planı olub, məhz onu həyata keçirmək üçün İsrailə uçuşlar yerinə yetirən aviaşirkətdə işə düzəlib. O, "FlyDubai" ilə artıq bir neçə dəfə Təl-Əvivə uçaraq, hücumu daha detallı planlaşdırmaq üçün Ben-Qurion hava limanının terminalını və uçuş sahəsini diqqətlə nəzərdən keçirib.
CBS-in məlumatına görə, əl-Həmmami əvvəllər "Oman Air" aviaşirkətində işləyib və ekstremist baxışlarına görə 2024-cü ildə işdən çıxarılıb. Səkkiz ay əvvəl isə o, "FlyDubai"da işə düzəlib.
Hazırda əl-Həmmami BƏƏ-də həbsdədir. Onu BƏƏ və Səudiyyə Ərəbistanının müstəntiqləri dindirirlər. İstintaqın qənaətinə görə, əl-Həmmami təkbaşına hərəkət edib və hər hansı terror təşkilatı ilə birbaşa əlaqəsi olmayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:44


























