mobil versiya

Müller İngiltərə klubundan 100 milyon avroluq təklif alıbmış





“Bayern”in sabiq hücumçusu, hazırda MLS təmsilçisi “Vankuver”də çıxış edən Tomas Müller 2015-ci ildə “Mançester Yunayted”dən aldığı təklifdən danışıb.

“GOAL The Late Run” xəbər verir ki, almaniyalı futbolçu, həmin vaxt İngiltərə klubunun onun transferi üçün təxminən 100 milyon avro təklif etdiyini bildirib:

“2015-ci ildə “Mançester Yunayted” təxminən 100 milyon avro təklif etmişdi. Amma mənim qüvvədə olan müqaviləm var idi və “Bayern” “yox” dedi”.
25 yaşında “Bayern”dən ayrılmağı düşündüyünü deyən Müller, həmin vaxt “Mançester Yunayted”ə başçılıq edən Lui van Qalla yenidən işləmək imkanının da qərarına təsir etdiyini vurğulayıb:
“Düşünürdüm ki, bəlkə də, həqiqətən getməliyəm. Təklif çox yaxşı idi. Bundan əlavə, mənə futbolda yol göstərən məşqçimlə yenidən işləmək imkanım var idi. Özümü İngiltərə Premyer Liqasında oynamağa hazır hiss edirdim”.
Bununla belə, Münhen təmsilçisinin təklifi rədd etməsinə görə məyus olmadığını deyən 37 yaşlı forvard, əksinə, buna sevindiyini bildirib:
“Bayern”in “yox” deməsinə hətta sevindim. Bu, mənim üçün böyük kompliment idi. Onlar 100 milyon avrodan imtina etməklə mənə “sən bizim oyunçumuzsan” mesajını verdilər”.
Müller 2025-ci ilə qədər “Bayern”də çıxış edib. O, Münhen klubunun heyətində 756 rəsmi oyuna çıxıb, 250 qol vurub. Futbolçu 13 dəfə Bundesliqa, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.(Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:34