Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı
Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında qeydə alınıb.
Saytımızın qatarda olan əməkdaşının verdiyi məlumata görə, qatarda tüstülənmə olub:
“Sərnişinlər qatardan boşaldılıb”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı saytımıza açıqlama verib:
“Bu gün saat 14:30 radələrində xətdə hərəkət edən qatarın vaqonunda spesifik qoxu və tüstü müşahisə olunub. “Gənclik” stansiyasında, sərnişinlər qatardan düşürülüb, vaqonlara baxış keçirilib. Hər hansısa problem aşkar olunmayıb. Həmin qatar sərnişinlərlə yoluna davam edib.
Qoxunun yaranmasına səbəb həmin qatardan əvvəl xəttə verilmiş sınaq qatarı ilə bağlı olub. Qatarın təkərinin detallarından biri sıxıldığından sürtünmə baş verib və nəticədə ətrafa dəmirin sürtünməsindən yaranan qoxu yayılıb.
Sərnişinlər arasında həyəcanlanan olub. Müvafiq ilkin yardım göstərilib və təcili tibbi yardımın dəvət edilməsi təklif olunub. Lakin sərnişinlər könüllü təcili tibbi yardımın çağırılmasından imtina ediblər”.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 21-09-2019, 17:17