mobil versiya

Hande Harmancı Azərbaycan vətəndaşlarını COVID-19-a qarşı peyvənd olunmağa çağırıb




"Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin birinci dozasını vurdurdum. Dörd həftə sonra ikinci dozanı da vurduracam və nəticədə COVID-19-a qarşı qorunmuş olacağam. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün minnətdaram. Vaksinasiya pandemiya ilə mübarizə üçün çox önəmlidir. Buna görə hər kəsin peyvənd olunmasını tövsiyə edirəm".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, iki vaksinin eyni anda tətbiqinə dair tədqiqatlar davam edir: "İki fərqli vaksinin istifadə oluna bilməsi, səmərəsi, təsirli olması, təhlükəsizliyi araşdırılır. Hələ ki əlimizdə bununla bağlı nəticə yoxdur. Bununla yanaşı, koronavirus əleyhinə xeyli vaksin hazırlanmağa başlanılıb. Ümid edirəm ki, yaxın zamanlarda yaxşı nəticələr əldə olunacaq. Vaksinlərin hamısı bir-birindən üstündür. Lakin həmin üstünlüklər tam olaraq bilinmir. Bəzi peyvəndlərin bir sıra yaş qruplarında - bir qisminin gənclərdə, bir hissəsinin uşaqlarda effektiv ola biləcəyi ehtimal olunur. Hələ ki, bunlar yavaş-yavaş öyrənilir. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik. Hansı vaksin olmasından asılı olmayaraq, təhlükəsiz və təsirli olan peyvəndləri nə qədər sürətlə dünyaya yaya bilsək, hər kəs üçün bir o qədər yaxşı olacaq".

ÜST rəsmisi qeyd edib ki, dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ bu prosesdən kənarda qalıb: "Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Əvvəlcə səhiyyə işçilərinin peyvənd olunması vacibdir. Bildiyimiz qədəri ilə Azərbaycanda xeyli səhiyyə işçisi vaksinasiyadan keçib. Bu da həm özlərinin, həm də pasiyentlərin təhlükəsizliyi üçün vacibdir".

H.Harmancı bildirib ki, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir, sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır: "Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. "Sinovac" şirkətinin son açıqladığı təsirlilik dərəcəsi 50 faizdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik".
KARUSEL / GÜNDƏM
Tarix: 15-02-2021, 13:40