mobil versiya

Sosial islahatlar paketinin davamında nələr olacaq - deputatdan açıqlama


Hazırda cəmiyyətin əsas gözləntisi uşaq pulunun verilməsidir; deputatdan açıqlama

2019-cu il sosial islahatlar ili oldu və sosial islahatlar paketin tərkib hissəsi olaraq bir çox qərarlar verildi. Hökumətdə bu islahatların davamlı olacağı ilə bağlı da anons verilib. Hazırda cəmiyyətin əsas gözləntisi uşaq pulunun verilməsidir. 2006-cı ildən etibarən Azərbaycanda uşaq pulun verilməsi dayandırıldı və bu, ünvanlı sosial yardımla əvəz edildi. Hazırda bu istiqamətdə özünüməşğulluq proqramı da həyata keçirilir.
Bəs, görəsən,  ilin sonuna doğru sosial paket çərçivəsində daha hansı iuslahatların, artımların şahidi ola bilərik?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son aylar ərzində hökumətin atdığı addımlar təqdirəlayiqdir: “Bu addımlar dövlətin sosial sahədə reallaşdırmaq istədiyi strategiyanın əsas istiqamətlərindən biri kimi dəyərləndirilməlidir. Lakin, heç şübhəsiz, bu, son deyil. Sosial islahatlar bundan sonra da davam edəcək və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qarşıdakı dönəmlərdə daha ciddi addımlar atılacağı da gözlənilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmalı ola biləcək daha bir addım uşaq pullarının bərpa olunması ilə bağlıdır. Son zamanlar bu mövzu ciddi müzakirə predmetinə çevrilib. Mətbuat səhifələrində, sosial şəbəkələrdə bu məsələ ilə bağlı çağrışlar səslənir. Bu məsələyə münasibət bildirənlər sırasında uşaq pullarının yalnız demoqrafik problemlərlə üzləşən ölkələrdə (məsələn, Rusiya kimi ölkədə) verilməsinin məntiqə uyğunluğunu əsaslandırmağa çalışanlar da tapılır”.
FikrÉt Yusifov ile ilgili görsel sonucu
Fikrət Yusifov
İqtisadçı vurğuladı ki, əksər neft ölkələrində uşaq pulu verilir və bu, demoqrafik problem səbəbilə deyil, vətəndaşa sosial dəstək olaraq həyata keçirilir: “Azərbaycan bir neft ölkəsidir və bu səbəbdən də mən daha çox bu cür məntiqlə çıxış edənlərin diqqətinə neft ölkələrində neft gəlirləri hesabına vətəndaşlara hökumətlərin verdikləri sosial dəstəyin bəzi məqamlarını çatdırmaq istəyirəm. Barəsində danışacağımız neft ölkələrinin heç birində ölkədəki əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində addımlar atılarkən demoqrafik durum əsas faktor kimi çıxış etmir və bu heç kimin ağlına belə gəlmir. Sadəcə, bu ölkələrin hökumətləri neft pullarının bir hissəsinin birbaşa vətəndaşlara çatdırılması yolu ilə onların sosial müdafiəsini gücləndirmək seçimi edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan uşaq üçün dövlət neft satışından 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Bundan başqa, Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Bu ölkədə təhsil tamamilə pulsuzdur. Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir, 80 min dollar əvəzsiz vəsait isə mənzil almaq üçün ödənilir. Bu ölkədə ali məktəbi bitirən hər bir məzuna 13 min dollar vəsait ödənilir. Səudiyyə Ərəbistanında neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur. İqtisadi cəhətdən hərtərəfli inkişaf yolu keçmiş Norveçdə hər bir vətəndaşın hesabına neft pullarından 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar ödənilir. Bu ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur, dövlət bələdiyyəyə aid tibb ocaqlarına subsidiyalar verməklə əhaliyə yüksək tibbi xidmətin göstərilməsini təmin edir. Bu ölkədə təhsil pulsuzdur və Norveç bir oxuyana çəkilən xərcin səviyyəsinə görə dünyada ilk yeri tutur. Düşünürəm ki, bu sadaladıqlarımız faktlar yetərlidir ki, uşaq pullarının verilməsini demoqrafik vəziyyətlə əlaqələndirmək istəyənlər nəticə çıxarsınlar”.
F.Yusifov hesab edir ki, büdcə xətti ilə yanaşı, neft pullarından da əhalinin sosial rifahı üçün istifadə etməyə ehtiyac var: “Postsovet məkanında yerləşən neft ölkələrində hələlik bu təcrübədən istifadə olunmur. Bu ölkələrdə və Azərbaycanda neft pullarının büdcəyə yönəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsaitlərin büdcə xətti ilə xərclənməsinə üstünlük verilir. Əslində burada ərəb ölkələrinin və Norveç kimi inkişaf etmiş bir ölkənin təcrübəsindən yaralanmağı düşünmək heç də pis olmazdı”.
Vahid ÆhmÉdov ile ilgili görsel sonucu
Vahid Əhmədov
Milli Məclisin İqtisadiyyat və  Sosial Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  bir çox sosial qərarlar sentyabr ayından qüvvəyə mindi: “Növbəti aydan pensiyalar da artırılacaq. Kifayət qədər böyük məbləğdən söhbət gedir.  Sentyabrın 15-dən etibarən Milli Məclisin də sessiyaları başlanır, orada da müzakirələr aparılacaq. Ola bilər ki, müəyyən qərarlar qəbul olundu. Ancaq, ümumiyyətlə, 2019-cu ilin sosial paketi ilə bağlı əksər qərarlar qəbul olunub. Maaşlar, pensiyalar, müavinətlər, yaşayış minimumu və sairlə bağlı qərar verilib. Uşaq pulu məsələsi də hazırda müzakirə olunur. Milli Məclisdə də bu məsələ qaldırılacaq. Ancaq burada ünvanlılıq məsələsinə baxmaq lazımdır. Hazırda bu məsələ müzakirə obyektidir və görək necə həll olunacaq. Bu məsələyə paket formasında yanaşmaq, hər bir ailənin durumunu nəzərə almaq lazımdır ki, problem olmasın”.
MANŞET / KARUSEL / SİYASƏT / SOSİAL
Tarix: 5-09-2019, 10:37