mobil versiya

Ötən il əhalinin 52 faizi icbari tibbi sığortadan yararlanıb



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü il ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, ötən il ərzində dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 52 faizi icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 70.2 milyon olub. Tibbi xidmətlərin 86 faizi ambulator, 14 faizi stasionar şəraitdə göstərilib.
Ötən il ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyinə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi daxildir.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri yer alıb.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 300 min 137 göndəriş verilib.
Ötən ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 155 min 361 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 2 min 857-si uşaqlara, 152 min 504-ü isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan 43 min 650-ni ürək-damar, 38 min 115-ni oftalmoloji, 31 min 97-ni invaziv radiologiya xidmətləri təşkil edib.
Ötən ilin avqust ayında xidmətlər zərfinə qaraciyər, böyrək və sümük iliyi transplantasiyası xidmətləri daxil edilib. Qeyd edilən əməliyyatlar üzrə 5 aylıq göstərici 37 təşkil edir.
Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı ötən ilin yanvar-dekabr ayları üzrə davam edir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 7-02-2024, 07:16