mobil versiya

Qastritin müalicəsində ilk nədən uzaq durmaq lazımdır?



Qastrit nədir və nələrə səbəb ola bilər?

Qastrit mədənin selikli qişasının iltihabi xəstəliyidir. Qeyri-düzgün qidalanma rejimi, stress, zərərli vərdişlər, qəbul edilən dərman preparatları, şüalanma, helicobacter pylori infeksiyası, autoimmun xəstəlikləri və s. səbəblər mədə sekresiyasının artmasına, tədricən selikli qişanın qoruyucu baryerinin pozulmasına və iltihabı-degenerativ prosesin inkişafına gətirib çıxarır. 

Reportyor.az TƏBİB-ə istinadla bu xəstəliklə bağlı həkimlərin açıqlamasını təqdim edir.

Respublika Klinik Xəstəxanasının Qastroenterologiya şöbəsinin müdiri, həkim-qastroenteroloq Nazilə Ağayevanın sözlərinə görə, xəstəlik kəskin və  xroniki qastrit olmaqla iki qrupa bölünür. Əsas  əlamətlər ürəkbulanma, qusma, qıcqırma, epiqastriyada yanma hissi, ağrı, iştahasızlıq, ağız qoxusu, şişkinlik hissi, gəyirmə kimi dispeptik əlamətlərdir.  
Xəstəliyin diaqnostikası, əsasən, ətraflı toplanılmış anamnez, fiziki  müayinə, helicobacter pylori testləri, kontrast rentgenoloji və qızıl standart müayinə üsulu sayılan endoskopik qastroskopiya müayinəsi vasitəsilə aparılır. Vaxtında aşkarlanaraq, müvafiq müalicə ilə xəstəliyin sağalması, ağırlaşmaların (mədə xorası, mədə qanaxması, mədə xərçəngi və s.) qarşısının alınması mümkündür.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının
həkim-qastroentroloqu Ülviyyə Əliyeva qeyd edir ki, qastritin müalicəsi iki formada aparılır. Bunlardan biri pəhriz, digəri isə mədənin divarlarını örtən və turşuluğu azaldan dərmanlarla müalicədir.  Müalicə, əsasən, ev şəraitində aparılır və 2-3 həftə davam edir. Müalicənin effektivliyini yoxlamaq məqsədilə müəyyən müddətdən sonra yenidən qastroskopiya müayinəsi aparılır.
Pəhriz qastrit müalicəsinin vacib hissəsidir. Həkimin sözlərinə görə, qastrit adətən heç bir dərmana ehtiyac olmadan vərdişlərdəki dəyişikliklər və qidalanma tədbirləri ilə müalicə edilə bilər. 
Qastritin müalicəsində ilk addım mədənin selikli qişasını qıcıqlandıran hər şeydən uzaq durmaqdır. Buna görə də qəhvə, spirtli içki və siqaret dayandırılmalıdır. Yemək zamanı mədəni qıcıqlandıran qidalardan, xüsusilə ədviyyatlı, turşulu, qızardılmış və ya yağlı qidalardan uzaq durmaq lazımdır. 
Burada ən vacib məqamlardan biri də  tez-tez, lakin az-az yemək və yuxuya yaxın, ümumiyyətlə, qida qəbul etməməkdir! 
Unutmayın ki, sağlamlığın təməli həm də sağlam qidalanmaqdır!
SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 14:41