Dmanisidə azərbaycanlılara hücum edən səkkiz nəfər saxlanılıb - RƏSMİ
16 may 2021-ci il tarixində, saat 17:00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq müafizə orqanları tərəfindən saxlanılıb.
Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək soydaşlarımızla əlaqə saxlayıb:
“Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.
Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.
Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.
Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır”.
SON XƏBƏR / KARUSEL
Tarix: 17-05-2021, 17:57