mobil versiya

ECMO aparatına qoşulan azərbaycanlı MƏŞHURLAR - FOTO




Artıq 2 ildən çoxdur ki, dünyada yayılmaqda davam edən koronavirus kütləvi insan ölümlərinə səbəb oldu. Vəfat edənlər arasında istər dünyada, istərsə də Azərbaycanda kifayət qədər tanınmış simalar da var. Onlardan bəzilərinin vəziyyəti daha da ağırlaşdığından müalicə müddətində ECMO aparatına qoşuldular.
BAKU.WS ECMO cihazına qoşulan azərbaycanlı məşhurları təqdim edir:
Ötən ilin iyununda koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Bəhram Bağırzadənin ağ ciyər toxumasının 90%-dən çoxu zədələnmişdi. Nəticədə həkimlər onu ECMO cihazına qoşdular. Aktyor müəyyən müddət müalicə aldıqdan sonra vəziyyəti nisbətən stabilləşdi və o sağaldı.

Koronavirusa yoluxanlar arasında tanınmış həkim, Silahlı Qüvvələrin Baş Klinik hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov da olub. O, səhhəti günbəgün daha da pisləşdiyindən Mərkəzi Hərbi Hospitalda ECMO cihazına qoşulub. Buna baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb. O, ötən ilin iyulunda vəfat edib.

Koronavirusa yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən digər tanınmış şəxs müğənni Səyyad Əlizadə idi. Onun da müalicə dövründə vəziyyəti pisləşdiyindən ECMO cihazına qoşuldu. Lakin müğənninin həyatını xilas etmək mümkün olmadı və o, ötən ay dünyasını dəyişdi.

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, tanınmış jurnalist Elnur Əşrəfoğlu əvvəl ev şəraitində müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından "Yeni Klinika"ya köçürülüb. Orada səhhəti daha da pisləşən jurnalist sonradan ECMO aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, o, ötən gün vəfat etdi.

Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev də ötən il yeni növ koronavirusa yoluxub. 36 yaşlı C.Paşayev müalicə aldığı dövrdə ECMO aparatına qoşulub. Bundan sonra onun səhhətində müsbət irəliləyişlər əldə edilib. O, sağalmasında ECMO cihazının böyük təsiri olduğunu bildirib.

Bu ilin mayında virusa yoluxduğundan səhhəti ağırlaşan Xalq artisti Arif Quliyev də ECMO cihazına qoşulub. Müalicəsi “Yeni Klinika”nın reanimasiya şöbəsində aparılan aktyorun ağ ciyərinin 99%-i zədələnib. Onun səhhəti günbəgün daha da pisləşdiyindən vəfat edib.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-10-2021, 12:30