Təbriz bu zənciri qıracaq; dözümü sonsuz deyil! - Sabir Rüstəmxanlı
Güney Azərbaycanda müstəqillik uğrunda mübarizə İran rəhbərlərinin yuxusunu ərşə çəkib. Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərlərində kiçik bir aksiya, yaxud sosial şəbəkədə adi bir paylaşım İran mollalarının ciddi narahatlığına səbəb olur. Bu ölkədə azərbaycanlıların hüququ hər addımda pozulur, milli fəallar təqib olunur, öz haqlarını tələb etdikləri üçün həbsxanalara atılırlar.
Azərbaycanın ərazilərinin erməni işğalından azad olunmasından sonra isə İran rejiminin narahatlığı daha da artıb.
Elə dünən İsrailin Bakıdakı səfiri Corc Dikin Təbriz haqqında paylaşımına İran tərəfinin isterik reaksiyası da bunu təsdiq edir.
Əllərində əlac olsa, fars mollaları "Azərbaycan", "Təbriz" sözlərini belə qadağan edərdilər. Amma dünya sürətlə dəyişir, artıq insan haqlarını, azadlıqları buxov altında saxlamaq, polis gücünə despotik rejimlərin ömrünü uzaqmaq mümkün deyil. İranın Bakıdakı səfiri Abbas Musəvi İsrail səfiri Corc Dikin Təbrizin Azərbaycan şəhəri olması ilə bağlı paylaşımına cavabında "Əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır" desə də, Təbrizin bir Azərbaycan şəhəri olduğu hər kəsə bəllidir. Gün gələcək, təbrizlilər bunu həqiqəti təhrif edən Musəviyə də, İran rejiminin başbilənlərinə də isbat edəcək.
Yeri gəlmişkən, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının "İnansa, Təbriz deyil!" adlı şeirində də təbrizlilərin yenilməz mübarizə ruhundan nəhs olunur.
Mövzunun aktuallığını nəzərə alaraq, həmin şeiri təqdim edirik:
İnansa, Təbriz deyil!
Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı.
Farsın işğalıdır bu! Mollanın nə günahı?
Din adına irtica! Bu ki yalan söz deyil!
Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!
Daşlarda tarix gəzir, kimindir daş, bilinməz,
Əxlaqı daş dövründə, bacı-qardaş bilinməz!
Anasına göz dikər, yenə oğraş bilinməz!
Ey bunu tarix sayan, Əyyami-Kəmbis deyil!
Təbriz sənə inanmaz! İnansa, Təbriz deyil!
Bu yurd türkün torpağı! İzləri itmir hələ!
Əkdiyin şər toxumu göyərib bitmir hələ.
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!?
Təbriz sənə inanmaz! İnansa, Təbriz deyil!
Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan.
Təxti-Cəmşidin ki var, əl çək bağ-bostanımdan,
Mənimki Ərdəbildir, Marağadır... Yəzd deyil!
Təbrizin gözü toxdur! Ac olsa, Təbriz deyil!
Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Mugana.
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!
Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin.
Əl yetsə, dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz! İsinsə, Təbriz deyil!
Fars türkü öz içində əritsin - nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin - nə vaxt olub?
Ağlayan cocuğumu kiritsin - nə vaxt olub?
Xəyanətlər uc-uca... Əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!
Firdövsinin sözü də tarixdən bir namədir,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm "Şahnamə", həm də "Turannamə"dir,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə, Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!
SON XƏBƏR / KARUSEL
Tarix: 21-07-2022, 15:32