mobil versiya

Divan tutulan bəy nəsli, nakam məhəbbətin odu, sonuncu nəğmə... – HƏYAT HEKAYƏTİ


İlk dəfə bu ad və soyadla bəstəkar Tofiq Bakıxanovgilə gedəndə onların küçəsinə yaxın küçədə rastlaşdım. İçimdən hələ bir – “qəribə addır” - fikri də axıb keçdi, - Kövkəb Səfərəliyeva. Ardınca, “görəsən, kimdir bu qadın, adını mərkəzi küçələrdən birinə veriblər” – deyə düşündüm. Tofiq Bakıxanovla söhbət əsnasında bu adı yenə eşitdim. Bakıxanov musiqi tariximizdən danışanda onun adını çəkdi: “İlk pianoçu qadın Kövkəb Səfərəliyeva...” Marağım bir az da artdı. Üçüncü dəfə Kövkəb Səfərəliyeva imzasını nakam bəstəkar Asəf Zeynallı haqqında yazımın araşdırmaları zamanı gördüm. Kövkəb Səfərəliyevanın ilk pianoçu azərbaycanlı qadın olmasından əvvəl diqqətimi onun Asəf Zeynallıya olan sevgisi və sədaqəti çəkdi. Nişanlı olublar. Asəf Zeynallı dünyadan çox gənc köçüb, Kövkəb ondan sonra qəlbini heç kimə verməyib.

Araşdırmağa başladım. Kövkəb Səfərəliyevanı tanıtdırmaq üçün bir neçə açar verəcəm sizə, amma inandırıram, onun dünyasına daxil olub yaxından tanımaq, onu sevmək, onunla fəxr etmək üçün bu açarlar da kifayət deyil...
Kövkəb Səfərəliyeva Azərbaycanın ilk pianoçu-pedaqoq qadını olub. Pedaqoq, metodist, publisist, maarifçi, nəhayət Azərbaycan SSR xalq artisti (1972). Adam araşdırdıqca dəhşətə gəlir. Sənin xan nəslini, bəy şəcərəni, milyonçu soyunu əzib, məhv edib, bunları sənə unutdurub, dünyadan Xalq artisti kimi köçmək nəsib edirlər. İmperiyalar nəsillərin, xalqların başına belə oyunlar açır. Amma “qızılı örtsə də qara torpaqlar, yenə qiymətini özündə saxlar”. Qan, genetika öz sözünü deyir. Onu heç bir repressiya məhv edə bilmir.
Kövkəb xanımın Azərbaycan maarifçiliyi tarixində böyük xidmətləri var. Bülbülün adını daşıyan orta ixtisas musiqi məktəbini Kövkəb xanım yaradıb. Sonradan tələbələri bu ocağa onun adının verilməsi ilə bağlı çox çalışıblar, nəticədə başqa bir musiqi ocağına - 16 saylı musiqi məktəbinə Kövkəb xanımın adının verilməsinə nail ola biliblər.
Üzeyir bəyin ən yaxın silahdaşı olub bu qadın. Azərbaycanda qadın xorunun yaranmasında əməyi olub. Azərbaycan muğam və xalq musiqilərini nota köçürən Üzeyir bəylə bu yolda çiyin-çiyinə çalışıb.
Fortepianonu beş barmağı kimi bilən bu qadın təhsil aldığı konservatoriyanın rektorluğuna qədər ucalıb. Yüzlərlə tələbə yetişdirib. Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün topluların tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
Onun musiqi tariximizdəki əməyi barədə gedişatda da öyrənəcəksiniz. Hələlik Kövkəb xanımın kimlərdən olması barədə məlumat vermək istəyirəm, çünki bunun əhəmiyyəti də az deyil.
Səfərəliyevlər nəslinin başçısı Səfərəli bəy köklü Bakılı olub. Pirşağının kəndxudası olan Səfərəli bəy yerli əhali arasında böyük nüfuza malik olub.
Səfərəli bəyin nəvəsi – Kövkəb xanımın ulu babası Hacıağa Hüseynqulu bəy Səfərəliyev çar II Nikolay tərəfindən “bəy” titulu almışdı. Hacıağa Hüseynqulu bəyin ailəsində 5 oğul böyümüşdü: İsmayıl bəy, Dadaş bəy, Ağa Rəhim bəy, İbrahim bəy və Tağı bəy.

Tağı bəy Səfərəliyev Azərbaycan Xalq Cümhuriyyəti hökumətində Ticarət və Sənaye nazirinin müavini olub. Sonralar dəfələrlə həbs olunub, sürgünə göndərilib. Özü ixtisasca hüquqşünas olduğundan məhkəmə vaxtı özünü müdafiəsi uğurlu olurmuş. Bir dəfə evinin yanında baş verən qətl hadisəsində onu günahlandırmışdılar. Sonuncu dəfə müsavatçı kimi həbs edilib. 1934-cü ildə sürgündə vəfat edib.

Kövkəb xanımın babası Dadaş bəy Səfərəliyev bütün ailə üzvləri kimi yaxşı təhsil alıb. Müxtəlif vəzifələrdə çalışıb.

Atası Kamil bəy Səfərəliyev isə hərbçi idi. Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. Ordudan tərxis olunub Bakıya qayıdandan sonra əvvəl bank sahəsində çalışıb. Sonralar Bakının meri olub. Bakıda bir çox sənaye obyektlərinin, binaların, həmçinin o vaxt Mixaylov, sonradan Əzizbəyov adına xəstəxananın tikintisi onun adıyla bağlıdır.
1902-ci ildə Kamil bəy Səfərəliyev Azərbaycanın daha bir tanınmış nəslindən olan Qəmər xanım Əbülfət qızı Ziyadxanova ilə ailə qurub. Qəmər xanım Qacarlardandır, Cavad xanın nəslinin davamçısıdır. Onun da babaları müsavatçı kimi güllələniblər. O vaxt sovet hakimiyyətinə qarşı çıxan, ölkəsinin azadlığını və müstəqilliyini tələb edən, milli düşüncəli hər kəs belə dənlənirmiş. Kövkəb xanım Səfərəliyevanın həm ata, həm ana tərəfdən bütün əzizləri amansız repressiyanın qurbanı olublar. Onları milli düşüncələrinə görə dövlətə xəyanətdə günahlandırıb həbs edib, sürgünə göndəriblər, güllələyiblər.

Neft milyonçusu və dövlət xadimlərindən ibarət olan bir nəsillə xanzadə və elm xadimlərindən ibarət nəsil birləşəndən sonra şəcərə bir az da genişlənir. Bu ailənin övladları Azərbaycanın əsilzadələridir. Elə buna görə də hədəfdə olublar. O cümlədən qəhrəmanım Kövkəb xanım Səfərəliyeva. Səfərəliyevlər ailəsi neft və balıqçılıq sənayesində, yaradıcılıq sahəsində, elm və incəsənətdə təmsil olunublar. Bakıda mülklərinin sayı-hesabı olmayıb. Nə yazıq ki, sovet hökuməti bütün Azərbaycan əsilzadələri kimi onların əllərindən hər şeyi alıb. Bu da azmış kimi, onları sıxışdırıb, yaşamaq üçün bütün cəhdlərinin qarşısını alırmışlar. Ailənin başçısı Kamil bəy - Kövkəbin atası bu zülmlərə dözməyib, cavan yaşında, 1920-ci ildə infarktdan dünyasını dəyişir.

Belə bir amansız dövrdə, yüksək şəcərəli, amma məhkum bir ailədə 1907-ci ilin yanvarında dünyaya gəlib Kövkəb xanım. Kövkəb xanın hələ uşaqlıqdan ailədə yaxşı təhsil alır. Anası Qəmər xanım o vaxt nadir təhsilli xanımlardan idi. Rus, fransız və fars dillərini təmiz bilirdi. Musiqi təhsili vardı, fortepianoda ifa edirdi. Kamil bəy həm uşaqların, həm də Qəmər xanımın təhsili və inkişafları üçün müəllimləri evə dəvət edirdi. Onların təhsilinin özülü yaxşı qoyulmuşdu. Səhhətlərinin keşiyində isə şəxsi həkimləri Qindes dayanırdı. Bakı müxtəlif xalqların və mədəniyyətlərin inkişafda olduğu şəhər idi. Ruslar, almanlar, polyaklar, yəhudilər burda təkcə yaşamırdı, həm də Azərbaycanlılarla qaynayıb-qarışıb mədəniyyətlərini və elmlərini də yayırdılar. Küçə musiqisi böyük maraq yaradırdı. Bakının musiqi və teatr həyatı zəngindi.

İlk musiqi təhsilini anasının mühitində alan Kövkəb 1915-ci ildə səkkiz yaşında Marinski adına Ümumtəhsil Qadın Gimnaziyasına daxil olur. Eyni vaxtda, həm də fortepiano sinfində musiqi dərsləri alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. Səfərəliyevlərin ailəsində altı uşaq böyüyürdü - 4 qız, 2 oğlan. Hamısı musiqi təhsili almışdı, amma anasının əlinin xeyir-duası ilə musiqini özünə yalnız Kövkəb peşə seçdi.

1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq, Türk Qadın Seminariyasına işə dəvət edilir. Burada o, ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin - Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır. Bu illər ərzində gənc qız atasını itirir, hər şeyləri əllərindən alınır, ağır sarsıntılar içində böyüyür. Bunlar hamısı insanın həyatından izsiz ötmür ki… Sovet hökuməti onların yalnız mal-mülklərini deyil, şəxsi evlərini də əllərindən alır. Öz keçmiş evlərinin zirzəmisində ağır şəraitdə yaşamalı olan ailə Qəmər xanımın mübarizəsinin nəticəsində bir otağı geri qaytarmağa nail olur. Ailənin hər bir ayağı yer tutan üzvü çörək uğrunda həyatla mübarizəyə qalxır, hamı iş tapıb işləyirdi. Həmçinin Kövkəb.

Musiqi Texnikumundan sonra Səfərəliyeva Konservatoriyanın fortepiano şöbəsinə daxil olur. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Onlardan öyrəndiklərini isə illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq, sonra isə xüsusi fortepiano sinfinin pedaqoqu kimi.
Hamı bilir ki, 1936-cı ildə Üzeyir bəy ilk dəfə xor kollektivini yaradıb. Ondan əvvəl isə Türk Seminariyasının qadın xorunu yaratmışdı. Həmin xora Kövkəb xanım da üzv olub. Sonralar həmin xora rəhbərlik edib. Türk Seminariyasının qadın xoru məktəblərdə və klublarda çıxış edirdilər. Üzeyir bəyin etimadı və inamı Kövkəb xanımın yeni istedadlarını açırdı.

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Üzeyir bəyin təkidi ilə qəbul olunduğu həmin tədris müəssisəsinin illər sonra professoru olub (1952). Konservatoriyada Kövkəb xanım orda həm də rektor olan tanınmış pianoçu – pedaqoq İlya Ayzberqdən dərs alıb. Təhsil illərində Kövkəb Azərbaycanın musiqi həyatına daha çox daxil olmağa başlayır. Konservatoriyanın istedadlı tələbələri bir yerə yığışıb, yaradıcılıqla məşğul olurdular. Yeni qruplar, kollektivlər yaranırdı. Kövkəb xanım Tofiq Quliyevi, Cövdət Hacıyevi, Çingiz Hacıbəyovu, Niyazi Tağızadəni belə tanıyır. Bu istedadlı gənclərin əhatəsində isə bir gün gənc musiqiçi Asəf Zeynallı ilə tanış olur.

Asəf Zeynallının milli musiqi sənətində silinməz izi var. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş görüb. “İbtidai not savadı” adlı dərslik tərtib edib. Bütün bu işlərdə ona Kövkəb xanım yardımçı olub. Azərbaycan musiqisində birgə çox izləri var. Asəf Zeynallı onu əlindən tutub ilk səhnəyə çıxaranda – “sən böyük musiqiçi olacaqsan” - deyib.

Dostluqları, qarşılıqlı anlaşmaları onların musiqi sahəsindəki birgə əməklərinin bəhrələnməsinə zəmin yaradıb. Bu münasibət get-gedə istiləşib, böyük məhəbbətə döndü. Böyük məhəbbət böyük işlərə qadirdir.

Onların hər ikisi həm də dahi Üzeyir bəyin sevimlisi olublar.

Üzeyir bəy Hacıbəylinin Azərbaycanda qadın bəstəkarlarının yetişməsində də böyük xidmətləri olub. Bunu hamı bilir, amma çox az adam bilir ki, Üzeyir bəy həm də Azərbaycanda ilk fortepiano qadın ifaçısı olan Kövkəb xanımın da himayədarı idi. Onun istedadını duyan gündən Kövkəbin öz sahəsində inkişaf etməsinə yardımçı olub, onun yeni yaradıcılıq imkanlarını açmasına işıq salıb.

Üzeyir bəy Azərbaycan musiqisi tarixində gördüyü işlərlə həm də musiqini və bir-birini sevən bu iki gənc üçün yeni imkanlar açırdı. Asəf Zeynallı Azərbaycan Dövlət Dram teatrının musiqi hissəsinə rəhbərlik edirdi. Kövkəb Səfərəliyeva isə orda orkestrdə piano ifaçısı kimi səhnəyə çıxırdı. 1932-ci ilin payızında Asəf Zeynallı çox gənc, 23 yaşında tif xəstəliyindən dünyasını dəyişir. https://lent.az/news/313689

Onun vəfatından sonra sevgilisi Kövkəb xanım bütün həyatını Asəfin də sevdiyi Azərbaycan musiqisinə həsr edir. Asəf Zeynallının ona arzuladığı kimi, çox böyük musiqiçi ola bilir. Asəfi də öz qəlbində, çaldığı pianonun dillərində yaşadır və heç vaxt ailə qurmur. Asəfin qardaşlarının ailəsini öz ailəsi bilib, gününü onlarla keçirərmiş. Bununla belə, öz sənətində yüksəlməyi, inkişaf etməyi də unutmayıb. Elə bil, Asəf Zeynallının çiyinlərindəki məsuliyyəti də Kövkəb öz üzərində hiss edirmiş. Yalnız fortepiano ifaçılığı ilə kifayətlənməyib, musiqinin bütün sahələrində biliklərini artırmaqla onun ruhunu şad etməyə çalışırdı.

30-cu illərin sonlarında D.Şostakoviç Bakıya qastrola gələndə Kövkəb xanımın ifasını dinləyir. Bəstəkar bu gənc qızın böyük gələcəyi olacağını xüsusi vurğulayıb. Sonralar bəstəkarlar Müslüm Maqomayevlə, Qlierlə tanışlığı Kövkəbə bir daha yeni imkanlar açır, inkişafa həvəsləndirir. 1935-36-cı illərdə Kövkəb Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına qəbul olunur. Orda professor Abram Şatskesdən dərs alan pianoçu ondan musiqinin fəlsəfəsini də mənimsəyir.

Artıq 1937-ci ildə Kövkəb Səfərəliyev dərs dediyi musiqi ocağının – Konservatoriyanın nəzdindəki mərkəzi musiqi məktəbinin direktoru idi.

40-cı illərdə, müharibə dövrü və müharibədən sonrakı quruculuq illərində də musiqiçilərin çiyinlərinə az məsuliyyət düşməyib. Kövkəb Səfərəliyeva o illərdə də sənətində yüksəlib. Və bu yüksəliş şəxsiyyətin haçalanmasına gətirib çıxarmayıb, əksinə ona qarşı tələbələrin məhəbbəti ilə müşayiət olunub. Onun qazandığı sevgi indiyə qədər tələbələrinin timsalında yaşayır. Çünki Kövkəb xanım Moskvada, digər şəhərlərdə Azərbaycan musiqiçilərinin-tələbələrinin konsertlərini təşkil etməklə həm musiqimizin tanınmasına, inkişafına, həm də tələbələrinin yetişməsinə çalışırdı.

Onun Sovet dönəmində qazandığı fəxri adları, orden və medalları sadalamayacam. Buna lüzum da yoxdur, çünki Kövkəb xanım məhəbbət verən və onu qazanan sənətkar olub. Qalan nəsnələr bunun kölgəsində qalır, elə də qalsın. Öncə insandır. Yalnız Üzeyir bəyin musiqi sahəsindəki elmi işlərinin redaktoru olması Kövkəb xanımın necə bir qabiliyyət sahibi olmasından xəbər verir.

1979-cu ildə doğma konservatoriyada sevimli tələbələrinə son dərsini verib, işdən azad olunması ilə bağlı ərizəsini rektora təqdim edib. İflic olduğundan ağır yeriyən xanım professor musiqi ocağını birdəfəlik tərk edir.

Tələbəsi Adilə Mailova sevimli fortepiano müəlliməsi haqda yazdığı kitabda deyir: “Biz tələbələri onu evində ziyarət edirdik. Bizi görəndə dirçəlirdi elə bil. Bir dəfə böyük bir konsertimiz olmalı idi. Konsertdən əvvəl onu ziyarətə getdik. Bizi görüb qalxıb oturdu, dedi bütün konserti mənə ifa edin görüm necə hazırlaşmısınız. Çətin olardı, amma elədik. Bütün ifaları dinlədi, həm də başqa alətlərin ifası olmadan, yalnız fortepiano ilə. Sonra bizə öz məsləhətlərini də verdi. 1985-ci ilin 15 apreli idi, biz çox mehribanlıqla ayrıldıq. Konsertdə bizə böyük bir buket göndərmişdi, heç unutmarıq o günü”.

1985-ci ilin iyununda Kövkəb xanım Səfərəliyeva dünyasını dəyişir. Fəxri xiyabanda tələbələrinin müşayiəti ilə torpağa tapşırılan professor haqqında tələbələri hamısı bir cümləni göz yaşları içində dəfələrlə təkrar edirdilər: “Kövkəb xanım bizim üçün həm musiqiçi, həm müəllim, həm də insan kimi etalondur”.

MARAQLI / MƏDƏNİYYƏT
Tarix: 21-08-2019, 10:14