Dövlət başçısı onu Naxçıvana yeni rəhbər təyin edib

Prezident İlham Əliyev imzaladığı Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Prezidentin imzaladığı digər Sərəncamla Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.
Ceyhun Cəlilov indiyədək Naxçıvan MR-in Baş naziri vəzifəsində çalışırdı.
Dövlət başçısının Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Ceyhun Cəlilov kimdir?
DOSYE
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir.
Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuşdur. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.
12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.
Reportyor.az
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:08



























