mobil versiya

“James Webb” teleskopu 14 spiralvari qalaktikanın şəkillərini çəkib



“James Webb” kosmik teleskopu tərəfindən çəkilmiş yeni fotoşəkillər ulduzların əmələ gəlməsi, eləcə də qalaktikaların quruluşu və təkamülü ilə bağlı yeni faktlar təqdim edir. Bu görüntülər bizim Süd Yolu qalaktikamızın nisbətən yaxınlığında yerləşən 19 spiralvari qalaktikanı diqqətəlayiq detalları ilə birlikdə göstərir.

Fotoşəkillər haqqında məlumat bazar ertəsi bir neçə böyük astronomik rəsədxanada həyata keçirilən “Yüksək bucaqlı müşahidə fizikası” adlı layihədə iştirak edən alimlər qrupu tərəfindən ictimaiyyətə açıqlanıb.

Astronomlar bildiriblər ki, 19 qalaktikadan ən yaxını Yerdən təqribən 15 milyon işıq ili uzaqlıqda (NGC5068), ən uzaqda olanı isə (NGC1365) planetimizdən təxminən 60 milyon işıq ili məsafədə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon kilometr).

“James Webb” 2021-ci ildə kosmosa buraxılıb və 2022-ci ildə məlumat toplamağa başlayıb. O, kosmik fəzada ecazkar şəkillər çəkərək, kainatın mənşəyi haqqında anlayışı yenidən formalaşdırıb. Orbitdəki rəsədxana kainata əsasən infraqırmızı şüalarla baxır. 1990-cı ildə buraxılmış və hələ də fəaliyyət göstərən “Hubble” kosmik teleskopu kosmosu optik və ultrabənövşəyi dalğa uzunluqlarında tədqiq edirdi.
Nəhəng fırlanqıca bənzəyən spiralvari qalaktikalar ümumi qalaktika sisteminin bir növüdür. Yeni müşahidələr kosmik teleskopun yaxın infraqırmızı kamerası (NIRCam) və orta infraqırmızı aləti (MIRI) vasitəsilə əldə edilib. Onlar təxminən 100.000 ulduz klasterini, habelə milyardlarla fərdi ulduzları qeydə alır.
Komandanın fotoşəkillər üzərində məlumatların tədqiqi prosesinə rəhbərlik edən astronomu, Oksford Universitetinin professoru Tomas Uilyams bildirib ki, bu materiallar ulduzların əmələ gəlməsinin ən erkən mərhələsinə dair yeni faktları üzə çıxarır. O əlavə edib ki, ulduzlar görünən dalğa uzunluqlarında tozlu buludların içində doğulurlar. Lakin bu buludlar JWST dalğa uzunluqlarında işıqlanır. Astronomlar bu mərhələ haqqında çox şey bilmirlər və buna görə də yeni şəkillər qalaktikalardakı ulduzların necə yarandığını başa düşmək üçün həyati əhəmiyyət kəsb edir.

Alimlər bildiriblər ki, spiralvari qalaktikalar zaman keçdikcə daha da böyüyürlər. Onların spirala bənzəyən qolları ulduzlara çevriləcək qazı süpürmək, çubuqları isə eyni qazı içəriyə - Qara dəliyə ötürmək üçün fəaliyyət göstərir.

Şəkillər alimlərə ilk dəfə olaraq Böyük Magellan Buludu və Kiçik Magellan Buludundan kənarda yerləşən qalaktikalarda ulduzların və planetlərin əmələ gəldiyi toz və qaz buludlarının strukturunu yüksək səviyyədə və təfərrüatı ilə həll etməyə imkan verir.

Astronom Cenis Li deyib: "Şəkillər təkcə estetik cəhətdən heyrətamiz deyil, həm də ulduzların əmələ gəlməsi və əks əlaqə dövrü ilə bağlı prosesləri izah edir. Bu, gənc ulduzların kosmik boşluğa buraxdığı enerji və impulsdur".(trend)
MARAQLI / KARUSEL
Tarix: 31-01-2024, 13:47