mobil versiya

“Taliban” ilk açıq edamlara başladı



“Taliban” ötən il ölkəni ələ keçirdikdən sonra qətldə ittiham olunan bir nəfərin ilk açıq edamını həyata keçirib.
“Amerikanın Səsi” xəbər verir ki, "Taliban"ın sözçüsü Zabihullah Mücahid edamın səhər tezdən qərbi Fərəh əyalətindəki idman stadionunda həyata keçirildiyini təsdiqləyib. Yüzlərlə adam, o cümlədən qrupun yüksək vəzifəli şəxsləri edamın şahidi olub. O bildirib ki, edam edilən şəxs "Taliban" məhkəmələrində və sonrakı apellyasiya məhkəmələrində mühakimə olunub.
Zabihullah Mücahidin iddiasına görə, məhkəmədə edam edilən şəxs Fərəh sakinini bıçaqlayaraq öldürüb və onun əşyalarını, o cümlədən motosikletini oğurladığını etiraf edib: "Edam “Qisas” qanununa uyğun olaraq həyata keçirilib, hansı ki, həmin şəxs öldürülən şəxs kimi cəzalandırılır. O, təqsirli bilinib və qatil barəsində cəza hökmü icra edilib. Qatil mərhumun atası tərəfindən avtomat tüfənglə üç dəfə atəşə tutulub”.
Edamdan əvvəl, son bir ayda Əfqanıstanın Kabil və bir neçə əyalətində futbol stadionunda yüzlərlə tamaşaçının gözü qarşısında "Taliban" hakimiyyəti tərəfindən onlarla insanın şallaqlanması baş verib. Xəbərə görə, zərərçəkənlər oğurluq, zina və evdən qaçmaq da daxil olmaqla “mənəvi cinayətlər törətməkdə” ittiham olunurlar.
Qeyd edək ki, 1996-2001-ci illər arasında "Taliban" hakimiyyəti altında kütləvi şallaq və edamlar baş verib.

DÜNYA
Tarix: 9-12-2022, 14:33