Turan Yazqanın anım tədbiri keçirilib
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, Prof. Dr. Turan Yazqanın vəfatından 10 il ötür. Bununla bağlı noyabrın 28-də Bakı Atatürk Liseyində anım tədbiri keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkilləri Sabir Rüstəmxanlı, Hikmət Babaoğlu, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, media kapitanları, tanınmış ictimaiyyət nümayəndələri və digərləri iştirak edib.
Öncə liseyin həyətində şagirdlər qonaqlar üçün salamlaşma mərasimi keçirib. Daha sonra bədii hissə başlayıb. Tədbir iştirakçıları Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, Prof. Dr. Turan Yazqanı bir dəqiqəlik sükutla yad edib, ardınca Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Liseyin direktoru Eylem Gültekin çıxış edərək Turan Yazqanın hər zaman türkçülük, turançılıq sevdalısı olduğunu, 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfinin türk dünyası üçün qoyub getdiyi ən böyük əmanət olduğunu bildirib.
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri Közhan Yazqan isə çıxışında Turan Yazqanın açdığı Atatürk liseyinin Mustafa Kamal Atatürkün yolunu davam etmək üçün çalışdığını və bundan sonra da bu yöndə çalışacağını vurğulayıb.
Turan Yazqanın yaxın dostlarından biri olan Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bunları qeyd edib:
“Turan Yazqanı Sabir Rüstəmxanlı ilə birgə çoxdan tanıyırdıq, o, bizim çox qədim dostumuz idi. Bizim həm də bir könül bağlılığımız var idi ki, bu da türkçülük idi. Turan Yazqan türk dünyasını dərindən bilən, sevən, onun dildə və fikirdə bir olması üçün həqiqətən çalışan, iş görən, onun toxumlarını əkən bir fikir adamı idi. İnsanlar o zaman ölümsüz olur ki, tarixin hər dönəmində xatirələrdə yaşayır, fikirləri hər zaman üçün keçərli olur. Zaman Turan Yazqanı haqlı çıxardı. 30 il bundan öncədən bu gün gerçəkləşən fikirləri söyləyirdi. O, türk dünyasının gələcəyini görərək ötən əsrin 80-ci illərində Türk Dünyası Araşdırmaları Vəqfini qurmuşdu. Həmin vaxt bir çox çətinliklərə sinə gəlmişdi, lakin öz yolundan dönməmişdi. Onun həm Türkiyədə, həm də Azərbaycanda hansı çətinliklərə sinə gəldiyinin şəxsən mən şahidiyəm.
Turan Yazqan deyirdi ki, böyük bir türk dövləti, milləti var, hansı ki, tarixi yaradıb və tarixin ən şərəfli səhifələrində yer alıb. Buna görə bəzən Türkiyədə, Azərbaycanda Turan Yazqana irqçi damğası vuranlar var idi. Lakin bütün bunlara rəğmən, Turan Yazqan çoxlu sayda liseylər, məktəblər yaratdı, xüsusən də Asiyada, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda, Türkmənistanda. Turan Yazqan harada məktəb açırdısa, Fətullah Gülənin adamları onun qarşısını, yolunu kəsməyə çalışırdılar, çünki o, həqiqətən də türk millətçisi, türk sevdalısı idi.
Turan Yazqan həmçinin mənə Azəri Türk Qadınlar Birliyini yaratdıran insandır. 30 il öncə Yazqanla görüşəndə ona “Turan hoca, bəs mən nə edə bilərəm, mən də nəsə etmək istəyirəm” deyəndə bildirdi ki, bir qadın cəmiyyəti qurum, hər ana evində bir türk yetişdirsin”.
Tədbir liseyin şagirdlərinin hazırladığı bədii kompozisiya ilə davam edib, Turan Yazqana və türkçülüyə həsr olunan mahnı və şeirlər səsləndirilib.
Xatırladaq ki, türk dünyasının tanınmış ismi olan Turan Yazqan 1980-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfini qurub, 32 il bu quruma rəhbərlik edib. O, türk dünyasında və Türkiyədə gördüyü işlərə görə 200-dən çox mükafata layiq görülüb.
Turan Yazqanın şəxsi təşəbbüsü ilə 1992-ci ildə Bakıda Türk Dünyası Bakı Atatürk Liseyi, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə Fakültəsi açılıb.
Turan Yazqan uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib.
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com
HADİSƏ / MƏDƏNİYYƏT
Tarix: 28-11-2022, 14:25