Azərbaycanın keçmiş naziri vəfat edib - FOTO
Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.
O, uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olub. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirib. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975-83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983-1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləyib. 1987-1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışıb.
F.Zeynalov 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışıb.
XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
3 övladı var.
KARUSEL / ÖLKƏ
Tarix: 13-01-2022, 12:00