mobil versiya

Tokayev Rusiyaya müqaviməti gücləndirir



Bazar günü keçiriləcək prezident seçkilərində Kasım-Jomart Tokayevin növbəti yeddi il üçün Qazaxıstan prezidenti olmayacağına dair çox az şübhə var. Amma keçmiş diplomatın ölkəsini Rusiyadan uzaqlaşdırmadan asılılığı necə azalda biləcəyi barədə az şey məlumdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi yazır.
Sorğulara görə, seçkilərdə mütləq qalib gələcək Tokayev Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı ərazi iddialarına qarşı olduğunu açıq şəkildə bildirib.
Rusiya və Qazaxıstan dünyanın ən uzun quru sərhədini bölüşürlər və bu, Ukraynadan sonra postsovet respublikaları arasında etnik rusların sayına görə ikinci olan ölkənin təhlükəsizliyi ilə bağlı qazaxları narahat edir. İyun ayında Sankt-Peterburqda keçirilən forumda Tokayev deyib ki, hökuməti Ukraynanın şərqində Rusiyanın nəzarətində olan separatçı respublikaları tanımır və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri tanıyır. Tokayevin sərt çıxışı hər kəsi təəccübləndirdi və rusiyalı ekspertlərin qəzəbli təhdidlərinə səbəb oldu.
Keçən ay Tokayev Mərkəzi Asiya prezidentlərinin sammitinə ev sahibliyi edərkən digər liderlərlə təkbətək görüşlər keçirdi, amma münasibətlərin donması fonunda Putinlə belə görüş olmadı.
“Röyter” vurğulayır ki, Tokayev köklü dəyişiklik tələbləri və apardığı islahatlar fonunda bu yaxınlarda Rusiyadan yan keçərək Xəzər dənizi vasitəsilə Qərbə Qazaxıstan neftinin ixracını artırmaq planlarını sürətləndirib.
Qazaxıstan Rusiyanın ərazisindən Qara dənizdəki Novorossiysk limanına qədər uzanan dünyanın ən böyük boru kəmərlərindən biri olan Xəzər Boru Kəməri Konsorsiumundan (CPC) çox asılıdır. İllik ixracın ümumi həcmi 68 milyon ton olan Qazaxıstan neftinin 53 milyon tonu buradan keçir.
Qazaxıstan Baş naziri Əlixan Smayılov bildirib ki, ölkəsi neft ixracının şaxələndirilməsi üçün yol xəritəsi hazırlayıb. Qazaxıstan bu çərçivədə öz neftini Azərbaycan üzərindən Qərb bazarlarına çıxarmağa hazırlaşır.
CPC-nin əsas alternativ marşrutu Xəzər dənizinin qarşı sahilindən - Azərbaycandan başlayan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməridir. Qazax nefti Bakıdan neft kəməri vasitəsilə Gürcüstanın Supsa limanına, oradan isə dünya bazarlarına çatdırılacaq. Smayılov keçən həftə Qazaxıstanın 2023-cü ildən başlayaraq BTC vasitəsilə ildə əlavə 1.5 milyon ton yanacaq göndərməyə başlayacağını və bunun tədricən 6 milyon tondan 6.5 milyon tona yüksəldiləcəyini açıqlayıb.
Agentlik vurğulayır ki, Ukraynada müharibə başlayandan bəri Mərkəzi Asiyanın keçmiş beş sovet respublikası Moskvaya getdikcə daha çox müqavimət göstərir. Rusiya isə Qərbin sanksiyalarından yan keçmək üçün yeni bazarlar və ticarət yolları axtararkən, bölgəyə təsir imkanlarını genişləndirməyə çalışır.
Yüksək rütbəli hökumət rəsmisi ingilis agentliyinə deyib ki, Tokayevin seçkilərdəki qələbəsi ona Rusiyadan uzaqlaşmaq üçün cəsarət verə bilər. Onun sözlərinə görə, Tokayev 24 milyonluq ölkəsini himayədar olmadan idarə edə biləcəyini sübut etmək istəyir. Amma Putin Tokayevi dəstəkləmişdi və KTMT Qazaxıstan liderinin öz təhlükəsizlik qüvvələrinə tam etibar edə bilmədiyi vaxtda bu ölkəyə qoşun göndərdi. Amma bu, tənqidlərə səbəb oldu. Fevralda Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri isə Tokayevin hərəkətləri dəyişib.
Qazaxıstan tərəfləri sülhə çağırıb və “referendum”ları tanımaqdan imtina edib. Hələ müharibədən əvvəl Qazaxıstan Moskvanın 2020-ci ilə qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi valyuta və ümumi parlament yaradılması ilə bağlı beşillik strateji planı irəli sürməsinə müqavimət göstərirdi. Astana rəsmisi bildirib ki, nəhəng qonşunun hələ də kifayət qədər təsir rıçaqlarının olmasına baxmayaraq, Qazaxıstan hökuməti Rusiya ilə münasibətlərinə yenidən baxır.

KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 18-11-2022, 18:08