mobil versiya

Liviyada Yunanıstan əleyhinə aksiya


Liviyanın paytaxtı Tripolidə Yunanıstan səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, diplomatik korpus qarşısında toplanan yüzlərlə etirazçı ərəb, ingilis və yunan dillərində “Liviya heç vaxt təslim olmayacaq”, “Dəniz sərhədlərimizi qanımızla qoruyacağıq”, “Liviyalılar sülh istəyir, siz isə müharibə istəyirsiniz”, “ Əlin qana bulaşıb, Dendias”, “Dendias müharibə cinayətkarının müttəfiqidir” yazılmış plakatlar daşıyıb.
Nümayişi təşkilatçılarından olan Məhəmməd Əli “Anadolu” agentliyinə açıqlamasında Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın Liviyaya qarşı “əxlaq və diplomatiyaya zidd mövqeyinə etiraz etmək üçün toplandıqlarını” bildirib:
“Dendiasın uşaqsayağı davranışı Yunanıstan hökumətinin səviyyəsizliyini göstərir. Şərəfimizə və Liviyanın suverenliyinə qarşı nümayiş etdirilmiş bu mövqeyə etiraz edirik. Bu gün Liviyanın qərbindəki bütün bölgələrdən gənclər burada toplanıb. Tələbə cəmiyyətləri və sosial şəbəkə vasitəsilə xəbərləşərək Yunanıstan səfirliyinin önünə gəldik”.
Xatırladaq ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias noyabrın 17-də Liviyanın paytaxtı Tripoliyə gəlib, lakin Liviyanın xarici işlər naziri Nəcla Menquşun onu qarşılamaq üçün hava limanına gəldiyini biləndə təyyarədən enməkdən imtina edib. Bundan öncə Liviya diplomatiyasının rəhbəri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstanın qeyri-qanuni hesab etdiyi karbohidrogen yataqlarının birgə istismarına dair Türkiyə-Liviya sazişi imzalayıb. Yunanıstan Xarici İşlər Nazirliyi bildirib ki, N.Dendiasın səfəri Liviyanın xarici işlər naziri ilə görüşün olmayacağına dair razılaşmaların pozulması səbəbindən ləğv edilib.
Əvvəlcə paytaxt Tripoli Yunanıstan XİN başçısının Liviyaya səfər proqramına daxil edilməmişdi. Dendias noyabrın 17-də Liviyanın şərqindəki Benqazi şəhərinə səfər etməyi planlaşdırırdı. Lakin o, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi ilə görüşməyə razılaşıb və Tripoliyə uçub. Hökumət təyyarəsi Tripoliyə endikdən bir neçə dəqiqə sonra N.Dendias layneri tərk etməkdən imtina edib və dərhal Benqaziyə uçmağı tələb edib. Şərqi Liviyada N.Dendias rəsmi Tripolinin tanımadığı, qiyamçı Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ilə görüşüb.
Səfərdən sonra Yunanıstan XİN başçısı bir neçə dəfə Tripoli hökumətinin səlahiyyət müddətinin başa çatdığını və ölkənin gələcəyi ilə bağlı beynəlxalq müqavilələr imzalamağa legitim olmadığını bildirib.

KARUSEL / DÜNYA
Tarix: 21-11-2022, 08:47