mobil versiya

İki həftəlik “Təlimçilərin təlimi” proqramına başlanılıb



Avropa İttifaqı (Aİ) və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə iki həftəlik “Təlimçilərin təlimi” proqramına başlayıb.

"Reportyor.az xəbər verir ki, proqram Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatları ilə iş layihəsi çərçivəsində təşkil edilir. İntensiv təlim proqramı sosial sahibkarlıq istiqamətində 7 milli ekspert hazırlamaq məqsədi daşıyır. Bu ekspertlər, daha sonra sözügedən proqramdan əldə etdikləri bilik və bacarıqları öz iş fəaliyyətlərini sosial biznes modelinə yönəltməkdə maraqlı olan 40 vətəndaş cəmiyyəti təşkilatı, sosial sahibkarlar və gənclər qrupları ilə paylaşacaq.

Peşəkar təlimçilər sahə üzrə beynəlxalq və yerli ekspertlərin dərslərində iştirak edərək sosial sahibkarlıq sahəsində bacarıqlarını artırmaq imkanı əldə edirlər. Təlim proqramı 9 modulu əhatə edir və iştirakçılara müxtəlif sosial biznes tərifləri və terminlərini anlamağa, sosial sahibkarların ehtiyaclarını və imkanlarını qiymətləndirməyə, o cümlədən sosial sahibkarlara mentorluq etməyə və ümumilikdə, ekosistemi başa düşməyə kömək edir. Proqram həmçinin ideyanın yaradılması, biznes dizaynı və planlaması, satış və marketinq, kommunikasiya, eləcə də biznes ideyalarının təqdimatı üçün effektiv alətlər təqdim edir. Proqramın sonunda iştirakçılar qazandıqları yeni bacarıq və səriştələri qiymətləndirmək üçün test imtahanından keçəcək.
Seminarlar sosial iqtisadiyyat, dairəvi iqtisadiyyat, eləcə də yerli və inklüziv inkişaf sahələrində təxminən 15 illik təcrübəyə malik ARCO (Birgə inkişaf üçün Aktiv Araşdırma) Araşdırma Mərkəzi (İtaliya) və “ARPA Consulting” tərəfindən aparılır.

Ekspert Təlim Proqramı Azərbaycanda Sosial Sahibkarlıq Platformasının yaradılması istiqamətində çoxmərhələli prosesin ilk addımıdır və bu silsilə fəaliyyətlər 40-a yaxın sosial yönümlü təşkilat və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində həllər üzrə çalışan şirkətlər üçün potensialın artırılması seminarları ilə davam edəcək. Bunun ardınca təşkilatlar ideyalaşdırma və akselerasiya proqramlarına cəlb ediləcək. Burada təşkilatlar yeni sosial biznes ideyaları yaradacaq və layihənin maliyyə dəstəyindən faydalanaraq fikirlərini real biznesə çevirmə imkanı əldə edəcəklər.



KARUSEL / CƏMİYYƏT
Tarix: 19-01-2023, 13:11