mobil versiya

Gənclərlə iş sahəsində təlimçilər bazasına üzv olmaq üçün müraciətlərin qəbuluna başlanılıb




Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə yaradılan gənclərlə iş sahəsində təlimçilər bazasına üzv olmaq üçün aprelin 15-dək müraciətlərin qəbuluna başlanılıb.

Gənclər Təşkilatları Milli Şurasından REPORTYOR.AZ-a bildiriblər ki, təlimçilər bazasının məqsədi gənclər siyasəti sahəsində qeyri-formal təhsil imkanlarının keyfiyyətinin artırılması üçün peşəkar təlimçilərdən ibarət vahid və davamlı bazanın yaradılmasıdır.

Təlimçilər bazası müəyyən olunmuş təlimçilər və təlimçi olmaq istəyən namizədlər barədə informasiyaların vahid və elektron məlumat bazasında sistemləşdirilməsi, ölkədə təlimçiliyin inkişafını təmin edəcək təşəbbüslərin həyata keçirilməsinə şərait yaradılması və davamlı dövlət dəstəyinin göstərilməsi, müxtəlif sahələr üzrə təlim mövzuları və metodiki vəsaitlərin işlənib hazırlanması və bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, təlimçilər bazasına daxil olan təlimçilərin peşəkar inkişafı üçün uzunmüddətli “Təlimçilər üçün təlimlər” və digər şəxsi inkişaf modellərinin dəstəklənməsi, gənclərlə iş sahəsində təlimçilərin mübadiləsinin və beynəlxalq təlim səfərlərinin dəstəklənməsi kimi vəzifələri hədəfləyir.

Təlimçilər bazasına daxil olanlar təlimçilərə sertifikat veriləcək, namizədlərə təlimçilik bacarıqlarının təkmilləşdirilməsi və təcrübə mübadiləsi aparmaları üçün müvafiq dəstək göstəriləcək, layihə icraçıları və donorlar tərəfindən elektron baza vasitəsilə təlimçilər seçiləcək, təlimlərdə iştirak edən gənclərin bilik və bacarıqları tanınacaq.

Gənclərlə iş sahəsində təlimçilər bazasına üzv olmaq istəyənlər aprelin 15-dək onlayn müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-04-2020, 19:55