KOBİA qadınların Qarabağda sahibkarlıq fəaliyyətinə dəstək verəcək
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qadınların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinə dəstək verəcək.
“Report” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Milli Məclisdə "Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
"Qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, maliyyə resurslarına çıxışı və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə müvafiq dəstək göstəriləcək. Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən, eləcə də digər iş və xidmətlərini təklif edən sahibkarlardan KOBİA-ya daxil olmuş 1332 müraciətdən 70-i qadın sahibkarlara aiddir ki, onların da 37-si investisiya layihələri, 13-i iş və xidmətlərlə bağlı və 20-si isə digər vətəndaş müraciətləridir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdiyi layihələrin 29-u ticarət və xidmət, 12-si sənaye, 12-si kənd təsərrüfatı, 9-u tikinti işləri, 4-ü turizm, 2-si təhsil və 2-si isə səhiyyə və mədəniyyət sahələri üzrə olub”, - deyə o qeyd edib.
O.Məmmədovun sözlərinə görə, ölkədə işgüzar qadınlarımızın sayı artmaqdadır: “Artan dinamika ilə irəliləyən qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirir və mandatımız çərçivəsində onları hər zaman dəstəkləyəcəyik”.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-12-2022, 12:12