mobil versiya

Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib



Hər il Azərbaycanda 9 May – Faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Çünki İkinci Dünya müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanıb, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi. İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməyərək bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.
Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “9 May - Faşizm üzərində Qələbə Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin qələbə günü haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/9_May_Fasizm_uzerinde_qelebe_gunudur/index.htm linkindən istifadə edə bilərlər.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 8-05-2023, 11:41