mobil versiya

İkinci Dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardımların ödənişi yekunlaşıb



Prezident İlham Əliyevin 26 aprel 2023-cü il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımın ödənişi başa çatıb.
Nazirlikdən verilən məlumata görə, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3487 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.
Bununla da ödənişlər ümumilikdə 3538 şəxsi əhatə edib. Birdəfəlik ödəmə onların bank hesablarına köçürülüb. Birdəfəlik maddi yardımların verilməsi üçün dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-05-2023, 15:49