Çin NATO-nun Asiya-Sakit okean regionuna doğru genişlənməsinə istəmir
Çin NATO-nun şərqə, Asiya-Sakit okean regionuna doğru genişlənməsinə sərt etiraz edir.
Bu bəyanatı Çinin Avropa İttifaqı yanındakı nümayəndəliyi NATO-nun Vilnüs zirvə toplantısında qəbul olunmuş birgə kommunikeyə cavab olaraq yayıb. Həmin sənəddə Çinin Avratlantikanın təhlükəsizliyinə sistemli çağırışlar törətdiyi bildirilib.
“Kommunikenin Çinə aid məzmunu əsas həqiqətləri görməzdən gəlir, Çinin mövqeyini və siyasətini əsassız olaraq təhrif edir və Çini qəsdən nüfuzdan salır. Çin bu cür bəyanatları qətiyyətlə rədd edir”, - deyə bəyanatda vurğulanır.
Qeyd olunur ki, ÇXR öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə qoruyacaq. Çinin qanuni hüquq və mənafelərinə xələl gətirən hər hansı bir hərəkət qəti əks tədbirlərlə qarşılanacaq.
Nümayəndəliyin bəyanatında “soyuq müharibə”nin məhsulu kimi təqdim edilən NATO-nun şübhəli keçmişə malik olduğu da vurğulanıb. “NATO regional bir hərbi blok olaraq, beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda öz vəzifələri barədə düşünmək əvəzinə, digər ölkələri haqsız olaraq günahlandıraraq sərhədləri xaricindəki işlərə qarışır, qarşıdurmalar yaradır və riyakar təbiətini ifşa edir”,- deyə Çin tərəfinin bəyanatdında bildirilir.
Qeyd edək ki, NATO-nun Yaponiyada əlaqələndirici ofis açmaq planının olması barədə açıqlamalar var. NATO-nun Vilnüs sammitində üzv ölkələrlə yanaşı, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi Asiya-Sakit okean regionundan olan ölkələrin liderlərinin iştirakı Pekinin narazılığına səbəb olub.
Çinin müdafiə naziri Li Şanfu bir müddət əvvəl bildirib ki, Asiya-Sakit okean regionu ölkələrinin NATO ilə əməkdaşlığı regionda münaqişə və qarşıdurmalara gətirib çıxara bilər.
KARUSEL / DÜNYA
Tarix: 12-07-2023, 13:55