Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır
Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS agentliyi, “Arqumentı i faktı”, “Moskovski komsomolets” qəzetləri və digər mətbuat orqanları azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan DİN, Baş Prokurorluq və DTX-nin birgə məlumatını yayıblar. Rusiya mediası vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları baş vermiş insidenti terror aktı adlandırıb və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorizm maddəsi üzrə cinayət işi başlanılıb.
Ərəb mediası da ermənilərin mina terroru haqqında materiallar dərc edib. “Əl Ərəbiyə”, “Əl Əhram”, “Şuruk”, “Əl Qüds” və ərəb ölkələrinin digər qəzet və portallarında dərc edilən xəbərlərdə oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı erməni sabotaj qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının həlak olmasına səbəb olduğunu bəyan edib. Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin mina terrorunun azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəl olduğunu dəfələrlə bildirib. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisələri terror aktı kimi qiymətləndirib və müvafiq maddələrlə cinayət işi açılıb.
Ermənilərin mina terroru nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə xəbərlər Avropa ölkələrinin KİV-lərində də dərc olunub. Fransanın “Radio France Internationale”, İtaliyanın “Quotidiano dei contribuenti”, Slovakiyanın “hn.24”, “Teraz”, “TvNoviny”, “Dennikn” qəzet və portallarında dərc olunmuş materiallarda bildirilir ki, içərisində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və nazirliyin dörd əməkdaşı həlak olub. Xəbərlərdə diqqətə çatdırılır ki, Azərbaycan tərəfi ermənilərin bu terror aktlarının Ermənistanla sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir, həmçinin İrəvandan qanunsuz hərbi birləşmələrini Qarabağdan dərhal çıxarmağı tələb edir.
ABŞ-ın “Barrons” internet nəşri də Ermənistanın Azərbaycan ərazilərində mina terrorundan bəhs edib, o cümlədən son terror aktı nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olduğunu bildirib. Yazıda qeyd olunub ki, sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında gərginlik artır, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri və separatçıların fəallaşdığı müşahidə olunur. “İki müharibənin baş verdiyi Qarabağ ərazisinin böyük hissəsi ermənilər tərəfindən minalanıb və Prezident İlham Əliyev bildirib ki, mina problemi səbəbindən məcburi köçkünlərin 2020-ci ildə işğaldan azad olunmuş bu ərazilərə köçürülməsi prosesi gecikir”, -deyə materialda qeyd olunub.
KARUSEL / SİYASƏT
Tarix: 19-09-2023, 16:20