mobil versiya

Suriyadan 10 vətəndaşımız Azərbaycana gətirildi



Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 17-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla, 10 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş uşaqlardan 4 nəfərinin hər iki valideynini itirdiyi məlumdur. Bu xüsusda, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, sonradan Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilərək, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
Oktyabrın 17-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

KARUSEL / SİYASƏT
Tarix: 17-10-2023, 18:01