İranda həbs edilən etirazçılar kütləvi şəkildə zorlanıb – Beynəlxalq təşkilat hesabat yayıb
İranda təhlükəsizlik qüvvələri ötən ilin sentyabrında başlamış etirazları amansızlıqla yatıranda etirazçıları qorxutmaq üçün zorlamaya, digər cinsi zorakılığa əl atıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə "Amnesty International" insan haqları təşkilatının dekabrın 6-da yaydığı hesabatda bildirilir.
2022-ci ilin sentyabrında Tehranda Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanılandan sonra vəfat edib. Bunun ardınca İranı "Qadınlar, Həyat, Azadlıq" devizi ilə etirazlar bürüyüb.
120-səhifəlik hesabatda deyilir ki, qadınlara, kişilərə və uşaqlara qarşı cinsi zorakılıqdan silah kimi istifadə olunub.
Hesabat 45 qurbanın dedikləri əsasında hazırlanıb. Onlardan 26-sı kişi, 12-si qadın, yeddisi uşaqdır. Bu şəxslər İran təhlükəsizlik qüvvələrinin cinsi zorakılığına məruz qalıblar. Buraya zorlama, qrupla zorlama, cinsi zorakılığın digər formaları daxildir. İndiyədək heç bir İran təhlükəsizlik əməkdaşına saxlanılan etirazçılara qarşı seksual cinayətlərə görə ittiham verilməyib, yaxud təqib olunmayıb.
"Araşdırmamız üzə çıxarıb ki, İranda kəşfiyyat və təhlükəsizik agentləri etirazçılara, o cümlədən 12 yaşlı uşaqlara işgəncə vermək, onları cəzalandırmaq, davamlı fiziki və psixoloji zərbə vurmaq üçün zorlamaya və zorakılığın digər formalarına əl atıblar", - "Amnesty International"ın baş katibi Anyes Kalamar deyib.
KARUSEL / DÜNYA
Tarix: 6-12-2023, 16:34