mobil versiya

Hinduşka əti və kolbasa beyin sağlamlığı üçün risk yaradan emal olunmuş ət məhsulları sırasındadır






"Annual Review of Nutrition" jurnalında dərc olunan yeni bir araşdırma emal olunmuş və hazır doğranmış ət məhsullarının (deli meats) müntəzəm istehlakı ilə bağlı xəbərdarlıq edir. Araşdırma, bu məhsulların gündəlik az miqdarda belə qəbul edilməsi ilə demensiya və Altsheymer xəstəliyinə tutulma riski arasında güclü əlaqə olduğunu üzə çıxarıb.

Böyük Britaniyada təxminən 500 000 nəfərdən əldə edilən məlumatları təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, gündəlik istehlak edilən emal olunmuş ət miqdarının hər əlavə 25 qramı (bu, cəmi bir və ya iki dilim hinduşka, vetçina, kolbasa və ya bolonya kolbasasına bərabərdir) istənilən növ demensiya riskinin 44%, xüsusilə Altsheymer xəstəliyi riskinin isə 52% artması ilə əlaqəlidir.

Araşdırmada yüksək səviyyədə emal olunmuş qidalarla (ultra-processed foods) zəngin pəhrizlərin sağlamlığa potensial təsirləri nəzərdən keçirilib. Yüksək natrium, yağ və kimyəvi konservant tərkibinə görə hazır doğranmış ət məhsulları da bu kateqoriyaya aid edilir.

Luizianadakı Pennington Biotibbi Tədqiqat Mərkəzinin aparıcı tədqiqatçısı Dr. Ouen Karmaykl bildirib ki, qida məhsulları beyin və orqanizmə uzunmüddətli potensial təsirləri tam müəyyən edilmədən qida təchizatı zəncirinə asanlıqla daxil ola bilir.

Alimlər hesab edirlər ki, emal olunmuş ət məhsullarının ürək-damar sisteminə təsiri koqnitiv funksiyalara və beynin qocalma prosesinə birbaşa mənfi təsir göstərə bilər.

Tədqiqat bu qidaların tamamilə rədd edilməsini tələb etmir, əksinə, onların istehlakının azaldılmasını və daha az emal olunmuş təbii protein mənbələrinin seçilməsini tövsiyə edir.

Araşdırma göstərib ki, yüksək səviyyədə emal olunmuş bəzi qidaların təbii və az emal olunmuş qidalarla əvəz edilməsi demensiya riskini 19% azalda bilər.


Reportyor.az 


SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 13:02