Bəzi vegetarian qidalar ürək sağlamlığına zərər verə bilər

Yeni bir araşdırma göstərib ki, tam və təzə qidalara əsaslanan sağlam bitki mənşəli pəhrizlərdən fərqli olaraq, emal olunmuş qidalara söykənən bitki mənşəli pəhrizlər ürək xəstəliyi riskini artırır.
"The Lancet" jurnalında dərc olunan araşdırmada izah edilir ki, tez-tez konservantlar, yağlar və əlavə şəkər ehtiva edən yüksək dərəcədə emal olunmuş qidalara əsaslanan bitki mənşəli pəhrizlərin faydaları azalır.
Fransada 63 800-dən çox orta yaşlı insan arasında 9 ildən çox müddətdə aparılan araşdırmanın nəticələri göstərib ki, tam və emal olunmamış bitki mənşəli qidalarla qidalanan insanlarda koronar ürək xəstəliyi riski digərlərinə nisbətən 44 faiz daha aşağı olub.
Bunun əksinə olaraq, yüksək dərəcədə emal olunmuş qidalara əsaslanan bitki mənşəli pəhriz koronar ürək xəstəliyi riskini 46 faiz, ümumilikdə ürək-damar xəstəliyi riskini isə 38 faiz artırıb.
Bu qrupa daxil olan iştirakçılar əsasən supermarket çörəyi, hazır makaron yeməkləri, konservləşdirilmiş şorbalar və ağır souslu hazır salatlar istehlak edirdilər.
Sorbonna Universitetindən araşdırmanın rəhbəri Klementin Priu (Clémentine Prioux) bildirib: "Nəticələrimiz göstərir ki, yalnız heyvan mənşəli məhsulların istehlakını azaltmaq kifayət deyil; ürək sağlamlığını qorumaq üçün emal olunmamış bitki mənşəli qidaların qəbuluna da diqqət yetirilməlidir".
Tədqiqatçılar qeyd ediblər ki, qidanın bitki və ya heyvan mənşəli olmasından daha çox, onun keyfiyyəti və emal üsulu əhəmiyyət kəsb edir. Yüksək dərəcədə emal olunmuş qidalardan uzaq duraraq müəyyən miqdarda heyvan mənşəli məhsullar qəbul edən insanlarda ürək xəstəliyi riski, tam qidalara əsaslanan sağlam bitki mənşəli pəhrizə riayət edənlərlə müqayisədə daha yüksək olmayıb.
Ekspertlər ürək və digər ürək-damar xəstəlikləri riskini azaltmaq üçün bitki və ya heyvan mənşəli olmasından asılı olmayaraq yüksək dərəcədə emal olunmuş qidaların istehlakını azaltmağı, təzə və tam qidalara üstünlük verməyi, həmçinin fiziki aktivlik və siqaretdən imtina kimi sağlam həyat tərzi vərdişlərinə riayət etməyi tövsiyə ediblər.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 13:12

























