mobil versiya

Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək


Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Saziş imzalanıb.
Sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar.
Xatırladaq ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən forum urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı verir.
Regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacaq Ümumdünya Şəhər Forumu (WUF13) çoxşaxəli müxtəlif istiqamətlərdə bir çox alt tədbirlərdən ibarət olmaqla, şəhər ərazilərinin çağırışlarına cavab vermək üçün yeni tərəfdaşlıqlara və yeni fəaliyyətlərə səbəb olacaqdır. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektor nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər.
Ümumdünya Şəhərsalma Forumu 2022-ci ildə “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusu altında Polşanın Katovitse şəhərində (“WUF11”) baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (“WUF12”) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-12-2023, 17:09