Kolumbiya bu ölkəylə sərhədə silahlı qüvvələr göndərib
Kolumbiya daxili silahlı münaqişə ilə üzləşən Ekvadorla quru, su və hava sərhədlərində silahlı qüvvələr yerləşdirir.
Bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Ekvador səlahiyyətliləri ilə koordinasiya şəraitində sərhəd təhlükəsizliyi əməliyyatları həyata keçiririk. Biz quruda, dənizdə və havada qüvvələr yerləşdiririk ki, sərhəddə baş verə biləcək cinayət əməllərinin qarşısını alacaq”, - departamentin sosial şəbəkədə dərc olunan bəyanatda belə deyilir.
Xatırladaq ki, yanvarın 7-də “Los Çoneros” cinayətkar qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bunun ardınca bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar başlayıb. Yanvarın 8-də ölkədə fövqəladə vəziyyət elan olunub və komendant saatı tətbiq edilib.
Ekvador prezidenti Daniel Noboa yanvarın 9-da ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınmasına dair fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib
Son illər Ekvadorda zorakılıq hallarında kəskin artım müşahidə edilir. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanalar bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi toqquşmalar baş verir.
KARUSEL / DÜNYA
Tarix: 11-01-2024, 14:53