mobil versiya

ADY-nin şəhərətrafı və ölkədaxili marşrutları üzrə 2023-cü ildə rekord sayda 7 milyon sərnişin daşınıb



Son 20 il ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınmasında 51 % artım qeydə alınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC xəbər yayıb.
Belə ki, ADY-nin şəhərətrafı və ölkədaxili marşrutları üzrə 2023-cü ildə rekord sayda 7 milyon sərnişin daşınıb. 2003-cü ildə isə bu göstərici 4,7 milyon təşkil edib.
Xatırladaq ki, dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon nəfər olub.
Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 31 minə yaxın sərnişin mənzilbaşına çatdırılır. Xidmətdə davamlılıq və keyfiyyətin təmin edilməsi istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış 10 yeni FLIRT qatarından dördü artıq ölkədədir, altısının isə bu il ərzində ölkəyə gətirilməsi nəzərdə tutulub. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş bu on qatardan dördü yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək. Bu da bu il marşrutlar üzrə əlavə 300 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq imkanı yaradacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-02-2024, 17:21