“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən bildirilib ki, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq.
Həmçinin 8 noyabrda Bakıdan və Ağstafadan hər iki istiqamətdə sürətli sərnişin qatarı təyin edilib. Qatar Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.
Bayram günlərində Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-11-2023, 15:36