Bakı-Ağstafa-Bakı qatarı üzrə əlavə reyslərin sayı artırılıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Qurumdan verilən məlumata görə, eyni zamanda Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 22 aprel tarixinə əlavə reys təyin edilib. Belə ki, 22 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə ümumilikdə 8 əlavə reys təyin edilib.
Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarının ənənəvi qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar saat 22:05-də Bakıya çatır.
Bakı-Qəbələ marşrutu üzrə isə qatar hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatır. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatır.
Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 20-04-2023, 13:16