mobil versiya

Çinin ABŞ-la mübarizə aparmasına baxmayaraq, ABŞ-a miqrasiya etmək istəyən çinlilərin sayı artıb




Mübarizə də var, dialoq da...
Çin lideri Si Cinpinin Avropa turnesi davam edərkən, Vaşinqton da Pekinlə dialoqu genişləndirib. ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonra onun Şərqi Asiya və Sakit Okean bölgəsi üzrə müşaviri Daniel Kritenbrinka da Pekinə səfər edib. Bu səfər Pekini sakitləşdirmək üçün reallaşıb. Çünki, aprelin 11-də ABŞ-Yaponiya-Filippin üçlü sammiti keçirilib. Bu görüş Pekində narahatlıq yaradıb. Vaşinqtonda keçirilən görüşdə ABŞ, Yaponiya və Filippin liderləri Çinlə ortaq mübarizə barədə geniş fikir mübadiləsi aparıblar.
Vaşinqton bir tərəfdən Çinə qarşı müxtəlif siyasi və hərbi bloklar formalaşdırır, o biri tərəfdən Pekinlə dialqodan imtina etməyərək qarşıdurmadan çəkinir. Amerikalı diplomatların Pekinə artan səfərləri bununla bağlıdır. Vaşinqton istəmir ki, Pekin bölgədə hərbi gücünü artırsın və Tayvanı güc yoluyla Çinə birləşdirsin. Çinin hərbi gəmiləri mart ayında Filipiinin ticarət gəmilərinə yaxınlaşıblar. Bundan sonra Filippin Çini hərb güc nümayişində ittiham edib. Nəticədə iki ölkə arasındakı münasibətlər gərginləşib. Bu durum Vaşinqtonun işinə yarayıb, Filippinin ABŞ-la siyasi və hərbi ittifaqı gücləndirməyə marağı artıb. 
Vaşinqton bölgədə AUKUS (ABŞ, Avstraliya və Böyük Britaniya) və QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) birliklərinin gücləndirilməsini davam etdirir. Bu birliklərdə yer alan dövlətlər Çinin “bir kəmər, bir yol” təşəbbüsünə qarşı alternativ layihələr üzərində düşünürlər. ABŞ-ın bölgədə Çinə qarşı formalaşdırdığı birliklərə Cənubi Koreya, Vyetnam və Yeni Zellandiya da maraq göstərir. Buna qarşı Pekin Moskva ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatını və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatlarını gücləndirir. Ancaq bu təşkilatlar iqtisadi əlaqələrin genişlənməsini hədəfləyir, hərbi əməkdaşlıq nəzərdə tutulmur. Digər tərəfdən bu təşkilatların bir sıra üzvü, o cümlədən Hindistan və Cənubi Afrika Respublikası Çinin və Rusiyanın maraqlarına görə ABŞ-la qarşıdurmaya getmək istəmirlər. Bütün hallarda Çin və Rusiya dünyada ABŞ-ın hegemonluğuna son qoymaq üçün fəaliyyətlərini genişləndiriblər.    
Çinin ABŞ-la mübarizə aparmasına baxmayaraq, ABŞ-a miqrasiya etmək istəyən çinlilərin sayı artıb. Çinlilər ABŞ-Meksika sərhəddini keçmək istəyən ən böyük etnik qrupa çevriliblər. ABŞ-da sığınacaq almaq istəyən çinlilərin sayı təxminən 90 minə çatıb. Çinlilər turist adıyla ölkələrini tərk edir və daha sonra Meksika-ABŞ sərhəddinə yollanırlar. Çinlilər sərhəddə çatana qədər uzun məsafə qət edir, səyahətlərinə Latın və Mərkəzi Amerika ölkələrindən başlayırlar. Bu təhlükəli səyahət sayılır, çünki çinlilər yol boyu silahlı şəxslər və meşələrdə bataqlıqlarla üzləşirlər.  

“Atlas” Araşdırmalar Mərkəzi


KARUSEL / DÜNYA
Tarix: 8-05-2024, 12:53