bp-nin icraçı vitse-prezidenti Bakıya gəlib
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir.
bp-dən bildirilib ki, Qordonun səfər proqramı sabah Enerji Həftəsinin açılışı ilə başlayır.
Qeyd edilib ki, bu tədbirdə Qordona bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də qoşulacaq.
"Builki Enerji Həftəsində bp fəxrlə dünya səviyyəli Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 30-illik uğur hekayəsini təqdim edəcək. AÇG-nin əməliyyatçısı olaraq bp bu nəhəng yatağın Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə çevrilməsində mühüm rol oynayıb.
bp-nin stendində Qordon və Qəri AÇG-nin keçdiyi möhtəşəm tarixi yola nəzər salacaq və müxtəlif texnologiyaların köməyi ilə yataqdan maksimum neftverməyə nail olmaq üçün şirkətin hazırda gördüyü işlər haqqında məlumat verəcəklər. Onlar həmçinin bp-nin regiondakı digər layihələri, o cümlədən beş cinahın sonuncusu olan şərq-şimal cinahından bu yaxınlarda hasilata başlamış nəhəng Şahdəniz qaz yatağının işlənməsi layihəsi üzrə görülən işlərin hazırkı vəziyyəti ilə bağlı məlumatları bölüşəcəklər.
Səfər çərçivəsində Qordonun həmçinin bir sıra şirkətxarici görüşləri, bp-nin regional rəhbərliyinin üzvləri ilə biznes prioritetlərinin müzakirəsi və yerli televiziya ilə planlaşdırılmış bir müsahibəsi də gözlənilir", - bp-dən qeyd edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-06-2024, 16:38