mobil versiya

Bu ölkələr BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib



Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali cümə axşamı günü iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçiliblər.
Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Onlar 2026-cı ilin dekabrın 31-dək fəaliyyət göstərəcəklər. Bu üzvlər səlahiyyət müddəti başa çatan qeyri-daimi üzvlər - Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrəni əvəz edəcəklər.
Namizəd Təhlükəsizlik Şurasında qeyri-daimi yeri təmin etmək üçün Baş Assambleyanın sessiyasında iştirak edən və səs verən BMT-yə üzv dövlətlərin üçdə ikisinin dəstəyini almalıdır. Bu o deməkdir ki, 193 üzv dövlətin hamısı səsvermədə iştirak edərsə, mandat qazanmaq üçün minimum 129 müsbət səs tələb olunur. Bitərəf qalan üzv dövlətlər səsvermədə iştirak etməmiş hesab olunur.
Səsvermə prosesinə sədrlik edən Baş Assambleyanın hazırkı prezidenti Dennis Fransisin elan etdiyi nəticələrə görə, səsvermədə Panama 183 səs qazanıb. Digər dörd ölkə də asanlıqla qalib gəlib.
Yeni seçilmiş beş üzvün hamısı əvvəllər Təhlükəsizlik Şurasında çalışıblar. Pakistan yeddi, Panama beş, Danimarka dörd, Yunanıstan iki, Somali isə bir dəfə xidmət göstərib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının 15 üzvü var, onlardan beşi - İngiltərə, Çin, Fransa, Rusiya və ABŞ daimi üzvlərdir. Şuranın on qeyri-daimi yeri coğrafi bölgəyə görə ayrılır, beşi isə hər il dəyişdirilir. Yeni seçilmiş beş ölkə Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi, Qərbi Avropa və digər qrupları təmsil edir. Şərqi Avropa qrupu bu il rəqabət aparmır.
Təhlükəsizlik Şurası BMT-nin ən güclü orqanı hesab olunur. Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq vəzifəsi daşıyan şura qanuni qüvvəyə malik qərarlar vermək və sanksiyalar tətbiq etmək səlahiyyətinə malikdir.

KARUSEL / DÜNYA
Tarix: 7-06-2024, 11:22