mobil versiya

QMİ Qurban bayramı münasibətilə fətva verib



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşıdan islam aləmi və xalqın müqəddəs günlərindən biri, Rəbbin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir: "Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır. Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər abu-havasında - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Zəngilan məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirir".
Vurğulanıb ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub: "Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır. Adətən, qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən, müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur".
Qeyd olunub ki, Azərbaycanda Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: "Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər. İyunun 16-da məscidlərimizdə bayram namazları qılınacaq. Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!"


KARUSEL / CƏMİYYƏT
Tarix: 11-06-2024, 12:34