Qərbin nüfuzu ərəb dünyasında azalıb - Çinin artan təsiri Sakit okeandan Afrikaya, indi isə Yaxın Şərqə çatıb
Qərbin nüfuzu ərəb dünyasında azalıb.
Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumunun (CASCF) onuncu sessiyası Pekinin artan nüfuzunu və Qərbin ərəb dünyasında təsirinin azaldığını göstərib. Çin Qərbin çoxdan geri çəkildiyi bir neçə ərəb dövləti ilə iş ortaqlığını gücləndirib. Pekin qarşıdakı 11 il ərzində iqtisadi artım baxımından bütün rəqiblərini geridə qoya bilər.
Çin lideri Tsi Cinpinin Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumu vasitəsilə 22 ərəb dövlətinin lideri ilə iqtisadi əməkdaşlıq, terrorizmlə mübarizə, iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə edib. Çin lideri forumda çıxış edərkən ərəb dostları ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulamaqla yanaşı, bunun tərəflər üçün “qazan-qazan” strategiyasına uyğun gələcəyini bildirib. Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt deyib ki, “bu forumun yaradılmasından əvvəl tərəflər arasında ticarətin həcmi ildə 36 milyard dolları ötmürdü. 2023-cü ildə isə Çinlə ərəb dövlətləri arasında ticarət mübadiləsinin həcmi 400 milyard dollar olub. Bu Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumunun əhəmiyyətini göstərir”. Pekin forumdan istifadə edərək Fələstinin müstəqilliyinə və Qəzzada atəşkəsə dəstəyini bir daha ifadə etmək imkanı qazandı. Ərəb dövlətlərinin liderləri Pekinin bu mövqeyini məmnuniyyətlə qəbul ediblər.
Beləliklə, Pekin Çin-Ərəb Dövlətləri Əməkdaşlıq Forumu forumu vasitəsilə həm ərəb dünyasında, həm də Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyə çalışır. Çinin artan təsiri Sakit okeandan Afrikaya, indi isə Yaxın Şərqə çatıb. Bu arada, Pekin ətrafındakı ada dövlətlərini də unutmur. Maldiv adaları uzun illər Hindistanla sıx əlaqələrə malik olub. Hindistanın bu ölkəyə böyük yatırımları olub, birgə layihələr mövcuddur. Hazırkı Maldiv Prezidenti Məhəmməd Muizzu isə Hindistanın əvəzinə Çinlə əlaqələri gücləndirməyə üstünlük verib.
Çinə yeni bazarlar lazımdır. ABŞ öz bazarını Çin məhsulları üçün qapatmağa çalışdığına görə, Pekin alternativləri hərəkətə gətirməyə çalışır. Ərəb dünyası ilə sıx əlaqələr bu səbəbdən Pekin üçün vacibdir. Çin ənənəvi bazarları genişləndirmək, yenilərini tapmaq istəyir. Misal üçün əgər keçmiş illərdə Çin ərəb ölkələrindən əsasən Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa üstünlük verərəkən, hazırda İraq və Əfqanıstanla əməkdaşlığın genişləndirilməsi yollarını araşdırır.
“Atlas” Araşdırmalar Mərkəzi
KARUSEL / DÜNYA
Tarix: 28-06-2024, 14:30