Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
27 - 28 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.Yarmarkada 20 regiondan iştirak edəcək 40-a yaxın fermer 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Fermerlər iştirak üçün əvvəlcədən +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər.
Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranarsa vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-07-2024, 09:52