mobil versiya

AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramının birinci mərhələsi yekunlaşıb



bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramının birinci mərhələsinin başa çatması münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, məktubda icra müddəti 5 il nəzərdə tutulan layihənin bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olduğu vurğulanıb.
Bildirilib ki, seysmik tədqiqat proqramının məqsədi AÇG yatağının arxitektura və maye kontaktının dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Tədqiqatın aparılması AÇG tərəfdaşlarına gələcəkdə yatağın işlənilməsini səmərəli şəkildə optimallaşdırmağa kömək edəcək.
Q.Counz məlumat verib ki, 2024-cü ilin yanvar ayında başlanmış birinci seysmik tədqiqat qrafiki qabaqlamaqla və nəzərdə tutulandan daha az büdcə sərf etməklə tamamlanıb.
Məktubda AÇG yatağının gələcəyinin təmin edilməsində mühüm addım olan bu tədqiqatı dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlıq bildirilib. Eyni zamanda, Azərbaycan ilə bp arasında sıx əməkdaşlığın davam edəcəyinə əminlik ifadə olunub.
Baş nazir Əli Əsədov cavab məktubunda Azərbaycan hökuməti ilə bp arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın növbəti uğur hekayəsi olan bu tədqiqat proqramının həyata keçirilməsinə bp şirkətinin və bütün tərəfdaşların töhfəsini yüksək qiymətləndirilib.
Birgə səylərlə adıçəkilən proqramın növbəti mərhələlərinin də uğurla icra olunacağına və gələcəkdə AÇG yatağının neftvermə potensialının maksimum reallaşdırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.
Vurğulanıb ki, Azərbaycan Prezidenti tərəfindən hökumət qarşısında qoyulan prioritet vəzifələrə uyğun olaraq, bp-nin ölkəmizdəki fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da davamlı şəkildə lazımi dəstək göstəriləcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-08-2024, 12:06