mobil versiya

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə paytaxtın Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib.
Agentlikdən bildirilib ki, kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb. Bununla da, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb, həmçinin 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib. Ərazidə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb. Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün işıqforların qarşısında nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil olunub.
Beləliklə, Yusif Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükünün 950 avt/saat azalacağı proqnozlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Qeyd olunub ki, əvvəllər Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyli küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirdilər. Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönmə yerində nəqliyyat yükünün və sıxlığın artmasına səbəb olurdu.
Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən edilməyən yerlərdən keçmək məcburiyyətində qalırdılar.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-08-2024, 16:59