“VCU” Seçki Müşahidə Koalisiyası respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb
Səsvermə günü “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası 538 nəfər müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb. Müşahidəçilərimiz Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında olublar. Müşahidəçilərimizin hamısı QHT üzvləri, fəalları və könüllüləridir, onlar öncədən seçki müşahidəçiliyi ilə əlaqədar peşəkar təlimlərə cəlb olunublar.
Bunu “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Zaur İbrahimli bildirib.
O qeyd edib ki, səsvermə günü ümumrespublika müşahidəçisi olan QHT təmsilçilərinin sayı 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci il parlament seçkilərindəki sayından isə 4 dəfə çox olub. Bu, seçkilər üzərində ictimai nəzarətin daha yaxşı təmin olunduğunu söyləməyə əsas verir: “Seçki günü məntəqələrdə müşahidə aparmış QHT təmsilçilərindən 20 faizi 2 seçki koalisiyasının nümayəndələri olub. Bunlardan biri “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası, digəri “Mənim səsim” Seçki Monitorinq Koalisiyasıdır. Koalisiyalarda birləşmədən seçkiləri müşahidə edən xeyli QHT-lər də olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bu qəbildən olan təşkilatlardır”.
Zaur İbrahimli bildirib ki, koalisiyanın müşahidə apardığı seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib: “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasına namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb. Koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələri əhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədrləri buna maneə yaratmağa çalışıb, lakin Koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb. Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətini səsvermənin gedişi və nəticələri haqqında davamlı məlumatlandırıb. Seçki məntəqələrində media subyektlərinin, jurnalistlərin peşə fəaliyyətini həyata keçirilməsinə tam şərait yaradılıb. Səsvermə ümumilikdə dinc şəraitdə keçib, seçki prosedurlarına əsasən əməl olunub. Müəyyən prosedur pozuntuları qeydə alınsa da, onlar sistematik və ya geniş yayılmış hal olmayıb, ümumi nəticələrə təsir etməyib. Şikayət və müraciət mexanizmləri bütün iştirakçılar üçün əlçatan olub. Səyyar səsvermə prosesi qanunvericilik və qaydalara uyğun həyata keçirilib. Seçkilər cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin inklüziv iştirakını təmin etmək üçün tədbirlərlə əhatə olunub. Gender təmsilçiliyi qənaətbəxş səviyyədə olub. Lakin təəssüflə bildiririk ki, səsvermə günü bəzi namizədlərinin və onların nümayəndələrinin seçki məntəqələrində süni qalmaqal, şou yaratmağa, güc tətbiq edərək seçki prosesini pozmağa çalışması cəhdləri də müşahidə olunub, hesab edirik ki, belə hallar qəbuledilməzdir”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 2-09-2024, 16:51