mobil versiya

158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb



2024-cü il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb. Belə ki, aparılan araşdırmalar zamanı 51 halda (2023-cü ildə 30) ciddi qanun pozuntuları aşkar edilərək toplanan sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i (2023-cü ildə 15) üzrə cinayət işi başlanıb.

Reportyor.az xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.
Məruzəyə əsasən, daxil olan müraciətlərin intensivliyi, xarakteri və bələdiyyələr barədə məlumatların təhlilinin nəticələri nəzərə alınaraq son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə - 23; 2021-ci ildə - 27; 2022-ci ildə - 27; 2023-cü ildə - 30 və 2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanan sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 11:52